İranda iyunun 18-də keçirilmiş prezident seçkisinin nəticələri açıqlanıb. Novator.az bildirir ki, İran Məhkəmə Sisteminin başçısı İbrahim Rəisi 17,9 milyon səs toplayaraq digər namizədləri (Əmir Hüseyn Qazızadə Haşimi, Əbdülnasir Hemməti, Möhsün Rzayi) xeyli geridə qoyub.
1960-cı il təvəllüdlü İbrahim Rəisi əvvəllər paytaxt Tehranın prokuroru və ölkənin baş prokuroru olub.
Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisiyə təbrik məktubu göndərib. Məktubda deyilir: “Azərbaycan tarixən dini və mədəni köklərlə bağlı olduğu İranla münasibətlərə xüsusi əhəmiyyət verir. Strateji əməkdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrimizin mövcud vəziyyəti məmnunluq doğurur. Ölkələrimiz arasında çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafında mühüm rol oynayır.
Azərbaycanın əzəli, tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa olunub. Bu yeni vəziyyət ölkələrimiz arasındakı ikitərəfli əlaqələrin daha da gücləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından böyük imkanlar vəd edir.
İnanıram ki, qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və genişlənəcək”.
Hökumət başçısı funksiyası daşıyan İran prezidenti ümumxalq seçkisində 4 il müddətinə seçilir. 2013 və 2017-ci illərin seçkilərində Həsən Ruhani qalib gəlib.
Prezident vəzifəsinin yaradıldığı 1980-ci ildən bəri həmin kürsüdə Əbülhəsən Bənisədr, Məhəmmədəli Rəcai, Əli Xamneyi (indiki ali dini lider, dövlət başçısı), Haşimi Rəfsəncani, Məhəmməd Xatəmi, Mahmud Əhmədinejad da əyləşiblər.