Dövlət başçısının 12 yanvar 2021-ci il fərmanı ilə Prezident Administrasiyasına “Media haqqında” qanun layihəsini iki ay müddətində hazırlamaq tapşırılıb. Beş aydan çox ötsə də, layihə hələ üzə çıxmayıb.
İyunun 17-də APA-nın Milli Televiziya və Radio Şurasına istinadla yaydığı xəbərdə bildirilib ki, “Media haqqında” qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması sistemi nəzərdə tutulur, iki şərt qoyulur: internet televiziya kanalı özünün saytından yayım aparmalı və yayım gün ərzində 6 saatdan az olmamalıdır.
Media sahəsi üzrə hüquqçular bu yenilik anonsunu etirazla qarşılayıb. Novator.az-ın məlumatına görə, Ələsgər Məmmədli yazır ki, öz domenində yayım aparan internet kanalının lisenziya almasını nəzərdə tutan qanun layihəsi legitim məqsədə xidmət etmir, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə ziddir: “Lisenziya yalnız tezlik resurslarından istifadə edən yayımçılara şamil oluna bilər. Milli tezlik resursları məhdud resurs olduğundan onların lisenziyalaşması legitim məqsədə xidmət edir. İnternetdən yayım imkanları limitsiz olduğundan onun lisenziyalaşması tələbi absurddur.
Bəli, yayım zamanı ümumi hüquqa uyğunluq olmalıdır. Bunu da “Kütləvi informasiya vasitələri” haqqında qanun, cinayət qanunvericiliyi və başqa qanunlar tam əhatə edir. Hər hansı boşluq yoxdur və hətta lazım olduğundan artıq tənzimləmə (məhdudlaşdırma) var”.
Xalid Ağalıyev Avropa İnsan Hüquqları Konvensiyasının ifadə azadlığı hüququnu təsbit edən 10-cu maddəsini xatırladır: “Həmin maddədə qeyd olunur ki, bu maddə dövlətlərin radio yayımı, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur. Görünür, “mütərəqqi tənzimləmələr” üzərində işləyən hüquqçular bu cümləni hərfi anlayıblar, ifadə azadlığı vasitəsi olan bütün fəaliyyətləri lisenziya tələbinə tabe etdirə bilərik deyə düşünüblər. Halbuki bu cümlə texniki imkanlarla bağlıdır, orada icazə verilən lisenziyalaşdırma tükənə bilən teleradio resurslarını nəzərdə tutur.
“Media haqqında” qanun layihəsinin üzə çıxan hissəsi mürtəcedir, ifadə azadlığını buxovlayır, konstitusion normalara, Avropa İnsan Hüquqları Konvensiyasına uyğun deyil.
Medianı tənzimləyəcək yaxşı qanunun hazırlanıb qəbul edilməsi lazımdır. Bunun yolu var: hökumət hazırladığı qanun layihəsini ortaya qoysun, vətəndaş cəmiyyəti də alternativ layihə hazırlayıb açıqlasın. Sonra hər iki layihə Avropa Şurasının ekspertizasına təqdim olunsun, hansı bəyənilsə, o da qəbul edilsin”.