Novator.az Ermənistanda iyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkisinə qatılan siyasi qüvvələrin siyahısına nəzər salıb.
Hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası marafona təkbaşına qatılıb.
Birinci prezident Levon Ter-Petrosyan seçkiyə lideri olduğu Erməni Milli Konqresi ilə gedir.
Deputat Qaqik Sarukyan yarışa Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyan İşıqlı Ermənistan Partiyası ilə qoşulub.
Mandat uğrunda daha 17 partiya mübarizə aparır: Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Azadlıq Partiyası.
Ermənistan blokunda ikinci prezident Robert Köçəryan, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası cəm olub.
Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda bir araya gəlib.
Parlamentə düşməyə Azad Vətən bloku və Şirinyan-Babacanyan bloku da iddia edirlər.
20 iyun seçkisi partiya siyahıları (proporsional sistemlə) keçiriləcək. Parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Minimum 101 nəfərdən ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. Parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalı, mandatların azı üçdə biri azlıqdakı qüvvələrə düşməlidir.
Ermənistan parlament idarə üsuluna 2018-ci il aprelin 9-da keçib: icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərlik baş nazirdədir.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində onun liderlik etdiyi “Mənim addımım” bloku qalib gəlib, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Yerevan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil alıb. 1995-ci ildə siyasi mülahizələrlə universitetdən qovulduğu üçün onun ali təhsil diplomu yoxdur.
Gənclik illərində Nikol Paşinyan “Dprutyun” və “Lraqir” qəzetlərində müxbir, “Molorak” qəzetində redaktor, “Oraqir” və “Aykakan jamanak” qəzetlərində baş redaktor vəzifələrini tutub.
2009-2011-ci illərdə həbsdə yatıb.
2012 və 2017-ci illərdə parlamentin üzvü seçilib.
Onun liderlik etdiyi Vətəndaş Sazişi Partiyası 2013-cü ildə yaradılıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində ərazilərin böyük hissəsi azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir.