İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə zirvə toplantısı keçirilib. AZƏRTAC-ın 16 iyun məlumatına görə, prezident İlham Əliyev video formatlı tədbirdəki çıxışında siyasi məsələlərə də toxunub: “Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı ailəsinin fəal üzvüdür və həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir. Son bir neçə il ərzində Azərbaycanda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nazirləri səviyyəsində 10-a yaxın görüş keçirilib.
Biz İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycanın ədalətli mövqeyini ardıcıl şəkildə dəstəkləməsini yüksək qiymətləndiririk. İslam Əməkdaşlıq Təşkilatı 1994-cü ildən bu günə qədər Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən, ölkəmizin suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 80-dən artıq qətnamə qəbul edilib.
Azərbaycan da öz növbəsində hər zaman İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri dəstəkləyib, islam ölkələri arasında daha güclü həmrəyliyin və əməkdaşlığın təmin edilməsi naminə səylər göstərib.
Ermənistan 30 ilə yaxın idi ki, ölkəmizin təqribən 20 faiz ərazisini işğal altında saxlayırdı. Ötən ilin sentyabr ayında Ermənistanın irimiqyaslı hərbi hücumuna cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başladı və işğal altında olan ərazilərin böyük hissəsini azad etdi.
44 günlük Vətən müharibəsində tam məğlubiyyətə uğrayan Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq Azərbaycanın işğal altında olan digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur oldu. Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Biz müharibə zamanı İslam Əməkdaşlıq Təşkilatının nümayiş etdirdiyi qətiyyətli mövqeyi yüksək qiymətləndiririk.
Ermənistan 30 illik işğal dövründə Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün mədəni və dini abidələrimizi məqsədli şəkildə dağıdıb. İşğal altında olmuş ərazilərdə yerləşən 67 məsciddən 65-i yerlə-yeksan edilib, iki məscidə isə ciddi zərər dəyib və onlar təhqir edilib.
Biz Ermənistanın islam ölkələri ilə münasibətlərini gücləndirmək cəhdlərini müşahidə edirik. Məscidlərdən donuz və inək tövləsi kimi istifadə etmiş və bununla da bütün islam ümmətinin hisslərini təhqir edən ölkə müsəlman dövlətlərinin və müsəlmanların dostu ola bilməz”.