Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana rəsmi səfəri Qarabağda davam edir. İyunun 15-nə keçən gecə xanımı Əminə Ərdoğanla birgə paytaxt Bakıya gələn dövlət başçısı ardınca Şuşa yoluna çıxıb. AZƏRTAC-ın 15 iyun məlumatına görə, Rəcəb Teyyub Ərdoğanı və xanımını Füzuli rayonunda prezident İlham Əliyev qarşılayıb. İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın Füzuli rayonuna səfəri iyunun 14-də başlayıb.
Şuşada rəsmi qarşılanma mərasimi Bazarbaşında – şəhərin mərkəzi meydanında keçirilib. Dövlət başçıları Azərbaycan prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin inzibati binasında bir araya gəliblər.
Təkbətək görüşdən sonra Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyannaməsi imzalanıb. İmza mərasiminin ardından İlham Əliyev və Rəcəb Teyyub Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
İlham Əliyev deyib ki, bəyannamədə bir çox önəmli məsələ öz əksini tapır: “Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur.
Müdafiə sənayesi sahəsində və qarşılıqlı hərbi yardım məsələləri bu bəyannamədə öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Biz bir daha göstəririk ki, bundan sonra da hər zaman bir yerdə olacağıq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik, necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq”.
Rəcəb Teyyub Ərdoğan Qarabağın əvvəlki ehtişamına və öz kimliyinə qovuşacağını vurğulayıb: “Buna heç şübhəmiz yoxdur. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Xocavənd kimi qədim yaşayış məntəqələrinin yenidən inkişaf etdiyi günləri yaxın vaxtlarda hamımız birlikdə görəcəyik.
Türkiyə olaraq azadlıq mübarizəsində olduğu kimi bərpa işlərində də qardaşlarımıza hər cür dəstəyi veririk, verməkdə də davam edəcəyik. Ən qısa müddətdə evlərinə qayıtmalarını gözlədiyimiz azərbaycanlı qardaşlarımız üçün də hər cür səy göstərəcəyik.
Təbii ki, bir tərəfdən dağıntıların fəsadlarını aradan qaldırarkən digər tərəfdən də Qarabağın və Azərbaycan torpaqlarının bir daha belə bir fəlakət yaşamaması üçün lazımi tədbirləri birlikdə görəcəyik.
Bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edirik. Atəşkəs razılaşmasından sonra artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yaranıb. Azərbaycanlı qardaşlarımın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik.
Türkiyə olaraq biz də coğrafi qonşuluq əlaqələrimizi daha dərin əməkdaşlıqlara yönəltmək istəyirik. Ermənistanın ona xoş niyyətlə uzadılan həmrəylik əlini tutmasını, ortaq gələcəyi birlikdə formalaşdırmaq fürsətindən yaxşı istifadə etməsini arzu edirik. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir.
Şuşa bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdik. On bir A4 səhifəsindən ibarət bu bəyannamə Şuşada bu gün reallığa çevrilir. Bu, son dərəcə önəmlidir. Türkiyə ilə Azərbaycan arasındakı bu bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük.
Türkiyə olaraq qədim Şuşa şəhərində ən qısa müddətdə, inşallah, baş konsulluq açmağı planlaşdırırıq. Beləliklə, bölgədə həyata keçirəcəyimiz fəaliyyətlərin daha sürətli və səmərəli şəkildə icra olunmasını da təmin edəcəyik”.
Həmin gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı musiqili kompozisiya təqdim olunub. Rəcəb Teyyub Ərdoğana ən qədim at cinslərindən olan “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edilib.
Novator.az bildirir ki, 1954-cü il fevralın 26-sı İstanbulda doğulan Rəcəb Teyyub Ərdoğan Mərmərə Universitetinin iqtisadiyyat və ticarət fakültəsini bitirib.
Siyasətlə 1976-cı ildən məşğuldur. Milli Salamat, Rifah, Fəzilət partiyalarının üzvü olub.
1994-1998-ci illərdə Rəcəb Teyyub Ərdoğan İstanbul bələdiyyəsinin başçısı postunu tutub.
1999-cu ildə həbsdə yatıb.
2001-ci ildə Ədalət və İnkişaf Partiyasını yaradıb. Bu partiya 2002-ci ildən hakimiyyətdədir.
Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən baş nazir olub, 2014-cü və 2018-ci illərdə prezident seçilib.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə edilən atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Əsası 1750-ci ildə Qarabağ xanlığının paytaxtı kimi qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək işğalda olub.
2021-ci il mayın 7-də Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir.
Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd, eləcə də Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.