Novator.az saytı Avstraliyanın ABC ictimai yayım şirkətinin (Australian Broadcasting Corporation) internet səhifəsində yerləşdirilən, COVİD testinin bəzən yanlış nəticə verməsindən bəhs edən yazını ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır. Yazı orijinalda “Melburnda iki pozitiv test nəticəsinin yanlış olduğu üzə çıxıb. Bəs bu, necə baş verib?” adlanır.
Bugünlərdə yayılan xəbərdə Melburnda ən çox narahatlıq doğuran yoluxma hallarından ikisinin yanlış olduğu açıqlanıb. Bu xəbər Avstraliyanın Viktoriya ştatında yeni koronavirus variantına yoluxanların sayının iki nəfər azalması ilə nəticələnib.
COVİD-19 testlərinin səhvən pozitiv nəticə göstərməsi çox az rast gəlinən bir hal olsa da bir gündə on minlərlə test aparılan zaman bu cür səhvlərin baş verməsi mümkündür. Ekspertlərin sözlərinə görə, onların üzə çıxardıqları fakt Avstraliyanın test sisteminin necə güclü olduğunu göstərir.
Gəlin bu halların necə və nə üçün baş verdiyini öyrənək.
Yanlış pozitiv nəticə nə deməkdir?
Avstraliyada aparılan COVİD-19 testlərinin böyük əksəriyyətinin nəticəsi neqativ çıxır.
COVİD-19 infeksiyasına yoluxmamış şəxsin koronavirus testinin nəticəsinin pozitiv çıxması çox nadir hallarda baş verir.
Amma bu, koronavirusa yoluxmamış şəxsin koronavirus xəstəsi kimi qeydə alınması ilə nəticələnə bilər.
“Test nəticələrinin səhvən pozitiv və ya neqativ çıxması qaçılmaz haldır. Belə hallar baş verir və yenə də olacaq. Buna baxmayaraq, biz bu sahədə öz laboratoriya mütəxəssislərimizin səriştəsinə və texnologiyalarımıza güvənirik və belə səhvlərin tez-tez təkrarlanmaması üçün əlimizdən gələni edirik” – bunu “Pathology Technology Australia”nın baş icraçı direktoru Din Uaytinq deyir.
Avstraliyanın Viktoriya ştatında qeydə alınmış iki yanlış pozitiv nəticə ölkənin Melburn şəhərində “qısa təmas” nəticəsində yayılaraq yüksək yoluxma səviyyəsinə malik olan koronavirus variantına aid edildiyi üçün insanlar arasında böyük narahatlıq doğururdu.
Yanlış pozitiv nəticələr necə baş verir?
Avstraliyanın əsas patologiya texnologiyası qurumuna rəhbərlik edən ixtisaslı klinik biokimyaçı Din Uaytinqin sözlərinə görə, adətən burun boşluğundan və boğazdan yaxmanın götürülməsi ilə aparılan PZR (polimeraz zəncirvari reaksiya) testləri Avstraliyada ən çox istifadə edilən testlərdir.
Uaytinq deyir ki, COVİD-19 üçün PZR testləri aparılan zaman yanlış pozitiv nəticələr iki halda qeydə alına bilər: “Bunlardan birincisi laboratoriya səhvidir. Analiz nümunələri bir-birinə qarışdıqda, yaxud analiz nümunəsinin götürüldüyü və dəyərləndirildiyi mərhələlər arasında nümunə virusla təmasda olduqda laboratoriya səhvi baş verə bilər. İkinci hal bir qədər mürəkkəbdir. PZR olduqca həssasdır və buna görə də hətta virusun yoxa çıxdığı, yaxud yoluxuculuq qabiliyyətini itirdiyi vaxtdan bir neçə gün və ya bir neçə ay keçdikdən sonra aparılan PZR testləri də qalıq RNT-ni aşkarlamaq imkanına malikdir. Test götürülən şəxsdə aşkarlanmış virus RNT-si artıq yoluxucu olmadığı zaman testin nəticəsi yanlış pozitiv nəticə hesab olunur”.
Uaytinqin sözlərinə görə, analiz nümunəsi bir neçə üsulla götürülür. Buraya tüpürcəkdən, boğazın arxa hissəsindən və burun dəliklərindən analiz nümunəsinin götürülməsi də daxildir. Bu üsulların hər biri fərqli pozitivlik dərəcəsinə malikdir.
Yanlış pozitiv nəticələr hansı sıxlıqda qeydə alınır?
PZR testləri çox nadir hallarda yanlış pozitiv nəticə göstərir. Uaytinq deyir ki, yanlış pozitiv nəticələrin qeydə alınması faktı sistemin yaxşı işlədiyini göstərir: “Avstraliyalılar analiz texnologiyalarına və test aparan laboratoriyalara tam şəkildə etibar edə bilərlər. Əslində iki yanlış pozitiv nəticənin qeydə alınması laboratoriyalardakı keyfiyyət sistemləri ilə bağlıdır”.
Avstraliyanın Viktoriya ştatının baş naziri vəzifəsini icra edən Ceyms Merlino yanlış pozitiv nəticələrin düzgün informasiya əldə etmək üçün xeyli sayda testlər və təkrar testlər aparıldıqdan və yoluxma halları ətraflı təhlil olunduqdan sonra üzə çıxdığını qeyd edib: “Yanlış pozitiv, yaxud yanlış neqativ nəticə çox nadir hallarda qeydə alınsa da, bu ehtimal həmişə var”.
Melburnda qapanma rejiminin dəyişəcəyi gözlənilmir
Yanlış pozitiv nəticələrin üzə çıxması Viktoriya ştatında qapanma rejiminin müddətinə təsir etməyib. Qapanma rejimi davam edəcək.
Merlino bu barədə deyib: “Viktoriya ştatında mövcud vəziyyət qapanmanın tətbiq olunmasını tələb edir. Yanlış pozitiv nəticələr qeydə alınsa da, koronavirusun yeni variantının aşkarlandığı şəxslər həqiqətən də “qısa təmas” nəticəsində virusa yoluxublar. Bu isə xəstəliyin yoluxma təhlükəsinin real olduğunu göstərir. Biz çoxlu sayda yoluxma faktlarının “qısa təmas” nəticəsində baş verdiyini müəyyənləşdirmişik. İctimai səhiyyə orqanlarının irəli sürdüyü təklifə əsasən, mövcud vəziyyəti tamamilə aradan qaldırmaq üçün Melburn şəhərinin əlavə müddətində qapanma rejimi tətbiq etməsi zəruridir. Bu qərar hələ də qüvvədədir”.
Koronavirusun Hindistan variantı olan delta ştammına Avstraliyada əvvəllər rast gəlinməmişdi. Hazırda Avstraliyada bu ştamma yoluxma hallarının qeydə alınması hökuməti ciddi şəkildə narahat edir.
Avstraliyanın baş səhiyyə mütəxəssisi Brett Satton məsələyə münasibət bildirərkən deyib: “Delta ştammı yüksək yoluxuculuq qabiliyyətinə malikdir. O, Hindistanda böyük sürətlə yayılıb və orada koronavirusun ən təhlükəli variantı hesab olunur”.
Mənbə: Abc.net.au