İyunun 14-ü Belçikanın paytaxtı Brüsseldə Türkiyə və ABŞ prezidentləri Rəcəb Teyyub Ərdoğanla ABŞ prezidenti Cozef Bayden bir araya gələcək. Novator.az-ın məlumatına görə, AXCP sədri Əli Kərimli görüşün təkcə ABŞ-Türkiyə münasibətlərinin yaxın gələcəyi sarıdan deyil, böyük bir regionun geosiyasəti baxımından mühüm olduğunu yazır: “Son illər Türkiyə və ABŞ arasında xeyli mübahisəli məsələ yaranıb və liderlərin bir görüşü ilə bütün problemlərin həll olunacağını düşünmək çətindir. Ancaq ABŞ və Türkiyə liderlərinin 14 iyun görüşündə bir məsələyə mütləq konseptual aydınlıq gətiriləcək: Türkiyə və ABŞ əvvəlki ciddi müttəfiqliyi addım-addım bərpa edirlər, yoxsa münasibətlərdə qeyri-müəyyənlik davam edir? Müşahidələr ehtiyatlı optimizm üçün əsas yaradır. Münasibətlərin bərpası hər iki tərəfin xeyrinə olacaq.
Ərdoğan-Bayden Azərbaycan-Ermənistan münaqişəsi də müzakirə olunacaq. Bu, münaqişənin nizamlanmasını Rusiyanın monopoliyasından çıxarmaq baxımından önəmlidir. Türkiyə prezidentinin Azərbaycan-Ermənistan münaqişəsini fransalı həmkarı Emmanuel Makronla da müzakirə edəcəyi gözlənir. Beləliklə, ATƏT-in Minsk qrupunun iki həmsədr ölkəsinin prezidenti Cənubi Qafqazdakı münaqişəni məhz Türkiyə ilə müzakirə edəcək.
Gürcüstan, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə 15 erməni əsirlə Ağdamın minalanma xəritəsinin dəyişdirilməsini də nəzərə alsaq, 14 iyun görüşləri Azərbaycan və Ermənistanın, eləcə də bu dövlətlər arasındakı münaqişənin üzərindəki Rusiya monopoliyasını xeyli dərəcədə zəiflətmiş olacaq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın Yuxarı Qarabağ bölgəsini və onun ətrafındakı bölgələrin böyük qismini işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bir çox qəsəbə və kənd azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.
Bəyanata əsasən, noyabrın 10-dan Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar dayandırılıb. Yuxarı Qarabağa və bu bölgəni Ermənistanla birləşdirən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib.
Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi ermənilərin, Laçın şəhəri və rayonun 6 kəndi Rusiya hərbçilərinin nəzarətindədir.
2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim edib, bunun müqabilində saxlanan 15 erməni Ermənistana təhvil verilib. Azərbaycanın Xarici İşlər Nazirliyi bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş nazirinin, ABŞ dövlət katibinin, onun Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin, Avropa İttifaqı Şurasının prezidentinin və ATƏT-in vasitəçilik rolu oynadığını açıqlayıb.
Azərbaycan-Ermənistan münaqişəsini dinc yolla tənzimləmək üçün 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunda ABŞ, Fransa, Rusiya (həmsədrlər), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan təmsil olunur.