“Gallup İnternational Association” ictimai rəy təşkilatının Ermənistan nümayəndəliyi iyunun 7-dən 10-dək 1103 respondent arasında apardığı seçki sorğusunun nəticələrini açıqlayıb. Novator.az bildirir ki, iyunun 11-də bəyan olunan rəsmi hesabata görə, seçicilərin 24,1%-i növbədənkənar parlament seçkisində Ermənistan blokuna səs vermək niyyətindədir. Bu blok ikinci prezident Robert Köçəryanı, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyasını birləşdirir.
Hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası 23,8% səslə, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyasını Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə birləşdirən “Qürurluyam” bloku 7,4% səslə göstərilir.
Növbədənkənar parlament seçkisi iyunun 20-nə təyin olunub, ölkə üzrə vahid partiya siyahıları (tam proporsional sistemlə) keçiriləcək. Marafona deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası, birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi, Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Azadlıq Partiyası, Azad Vətən bloku, Şirinyan-Babacanyan bloku da qatılıblar.
Parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. Seçki Məcəlləsinə görə, parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalıdır. Parlament azı 101 nəfərdən ibarət olur. Mandatların azı üçdə birinin azlıqdakı qüvvələrə düşməsi mütləqdir
2018-ci il aprelin 9-da ölkə parlament idarə üsuluna keçib. Bu sistemə görə, icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.