ABŞ-ın “Bloomberg” agentliyinin internet səhifəsində “Baydenlə Ərdoğan ABŞ-Türkiyə qarşıdurmasına necə son qoya bilər?” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi mərkəzi ofisi İstanbulda yerləşən İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) rəhbəri, həmçinin ABŞ-ın Karneqi Fondunun Brüsseldə yerləşən Avropa ofisinin tədqiqatçısı Sinan Ülgəndir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
On illər boyu ABŞ prezidentləri Türkiyəyə mühüm strateji tərəfdaş kimi baxıblar.
Barak Obama xaricə ilk rəsmi səfəri zamanı Türkiyəyə də gedib. Donald Tramp Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla daima dialoqda olub.
Amma Cozef Bayden ABŞ prezidenti postunu tutandan Türkiyə ilə münasibətlərin xarakteri dəyişib.
Bayden prezident səlahiyyətlərinin icrasına başlayandan yalnız üç ay sonra Ərdoğanla əlaqə saxladı – ona telefonla zəng etdi. Bu, ABŞ-ın dostları arasında Türkiyənin reytinqinin aşağı düşdüyünü göstərirdi.
Ərdoğanla telefon söhbətinin ertəsi günü Bayden ABŞ-a son dövrlərdə rəhbəlik edənlərin qoyduğu ənənəni pozaraq Osmanlı İmperiyası dövründə baş vermiş hadisələr zamanı ermənilərin öldürülməsini “soyqırımı” adlandırdı.
Bayden administrasiyasının başqa rəsmiləri də Türkiyəyə siqnallar göndərməyə başladılar. Dövlət katibi Entoni Blinken İsraillə HƏMAS təşkilatı arasında bu yaxınlarda baş verən müharibə zamanı ümumiyyətlə Ankaraya zəng etmədi.
Narazılıq qarşılıqlıdır. Son illər Türkiyə rəhbərliyi ABŞ-a şübhəylə yanaşır. Türkiyənin vəzifəli şəxsləri 2016-cı ilin iyulunda ölkədə dövlət çevrilişinə cəhdin arxasında ABŞ-ın durduğunu açıq söyləyirlər.
Baydenlə Ərdoğanın iyunun 14-ü NATO-nun Brüssel sammiti çərçivəsində planlaşdırdığı görüş məhz bu fonda keçiriləcək.
Ankaranın bu görüşdən gözləntisi çoxdur. Ankara ümid edir ki, Ərdoğan Baydeni iki ölkə arasında ortaq strateji maraqların olduğuna və qarşıdakı məsələləri dostluq şəraitində həll etməyin vacibliyinə inandırıb onu razılığa gətirə biləcək. Ərdoğanın ABŞ-ın mübahisə doğuran əsas məsələləri həll etməli olduğunu Baydenin diqqətinə çatdıracağı gözlənir.
Həll olunası məsələ isə çoxdur.
Türkiyənin Rusiyadan S-400 raket kompleksi alması da bu sıraya daxildir. ABŞ Ankaranın Rusiyadan raket kompleksi almasını NATO-nun təhlükəsizliyinə təhdid sayır.
Daha bir məqam ABŞ-ın Suriya demokratik qüvvələri ilə əlaqəsidir. Türkiyə bu əlaqəyə ABŞ-ın kürd terror qruplaşmalarını dəstəkləməsi kimi baxır.
ABŞ-da mühacirətdə olan, hazırda Pensilvaniya ştatında yaşayan islamçı alim Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi tələbinə ABŞ-ın məhəl qoymaması da həllini tapmamış məsələlərdəndir.
İrana qarşı sanksiyaları pozduğu iddia olunan Türkiyə bankının (“Halkbank”) Nyu-Yorkda təqiblərə məruz qalması da danışıqlar mövzusu ola bilər.
Ərdoğan Baydeni bütün bu həll olunmamış məsələlər üzrə ətraflı danışıqlara cəlb etməyi planlaşdırır.
Ancaq görünür Ağ ev başqa problemin dalınca düşüb. Baydenin qlobal dünyagörüşlü administrasiyası Çin və Rusiya kimi böyük dövlətlərlə rəqabətə köklənib, xarici siyasətin əsas hədəfi isə avtoritar rejimlərin əl-ayağını yığışdırmaqdır. Bu baxımdan Türkiyə hazırda ABŞ üçün strateji çağırışların mərkəzində dayanmır. Ona görə Ankaranın narazılıqlarına əncam çəkmək Vaşinqtonda prioritet məsələ hesab olunmur.
Qalır Ərdoğanın özü ilə bağlı məsələ. Türkiyə prezidentinin ABŞ-ın əvvəlki prezidenti Donald Trampla normal münasibətləri Ağ evin indiki administrasiyasında şübhə doğurur. Məsələni bundan da çox qəlizləşdirən odur ki, prezident kimi Amerikada və xaricdə demokratik azadlıqları inkişaf etdirmək istəyini açıqlayan Bayden əvvəllər – hələ ABŞ-ın vitse-prezidenti olduğu dövrdə Türkiyədə müxalifətə dəstək vermək niyyətini bəyan edib.
Amma bütün bu çətinliklərə baxmayaraq, ABŞ və Türkiyə prezidentləri S-400 raket kompleksi məsələsində irəliləyiş əldə edə və münasibətlərdəki soyuqluğu az da olsa aradan qaldıra bilərlər.
ABŞ Konqresi ölkənin 2021-ci il üzrə müdafiə büdcəsini qəbul edəndən sonra Vaşinqtonun Ankara ilə bağlı mövqeyi daha da sərtləşib. Çünki Konqresin qəbul etdiyi müdafiə büdcəsi haqqında qanuna görə, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edənə qədər Türkiyə S-400 raket kompleksinə sahiblənməyi dayandırmalıdır. Bu, S-400 kompleksinin əldə olunmasını usanmadan ölkənin iddialarının artmasına və strateji muxtariyyət qazanmasına misal göstərən Türkiyə rəhbərliyi üçün çox ağır şərtdir.
Ancaq Ankara raket sistemindən müstəsna hallarda, ölkənin milli təhlükəsizliyinə təhdid yarandığı zaman istifadə edəcəyinə dair sövdələşməyə gedə bilər. Türkiyə S-400 kompleksini ABŞ-ın da istifadə etdiyi İncirlik aviabazasında quraşdırıb. Bu, Vaşinqtona Ankaranın vədini yerinə yetirib-yetirmədiyini izləməyə imkan verə bilər.
Əsas olan bu müstəsna şərtləri Türkiyənin üzləşdiyi təhdidlərin xarakterini (terrorçuluq, yaxın qonşuluqda dövlətin çökməsi, hibrid və asimmetrik təhdidlər) nəzərə almaqla ortaq şəkildə razılaşdırmaqdır.
Ən cəlbedici diplomatik variantlardan biri S-400 sisteminin istifadəsini Şimali Atlantika müqaviləsinin 4 və 5-ci maddələri ilə müəyyən edilən şəraitə uyğunlaşdırmaqdır. Yəni Ankara S-400 sistemindən o vaxt yararlana bilər ki, NATO üzvləri Türkiyənin ərazi bütövlüyünün və təhlükəsizliyinin təhdid olunduğu, yaxud ölkənin silahlı hücuma məruz qaldığı faktını qəbul etsin. Belə bir uzlaşdırma S-400 kompleksindən istifadəni xeyli dərəcədə məhdudlaşdıra və arxayınlıq yarada bilər ki, ondan istənilən gerçək, yaxud ehtimali təhdid zamanı istifadə edilməyəcək.
Amma bu cür sövdələşmənin işə yaraması üçün Bayden Konqresi müdafiə büdcəsi haqqında qanuna düzəliş etməyə inandırmalıdır. Ərdoğan isə öz növbəsində gələcəkdə S-400 kompleksindən istifadəni tənzimləyən sərt qaydaları tam qəbul etməlidir.
Bu məsələdə irəliləyişin olub-olmayacağını, ola bilsin, ümumiyyətlə iki ölkə arasında münasibətlərin gələcək taleyini Cozef Baydenin ABŞ prezidenti kimi Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanla ilk görüşü müəyyən edəcək.
Sinan Ülgən
Mənbə: Bloomberg.com