Avropa Şurasının Nazirlər Komitəsi iyunun 7-dən 9-dək Fransanın Strasburq şəhərində keçirilən toplantıda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarların icrası məsələlərini müzakirə edib. “Turan”ın məlumatına görə, Nazirlər Komitəsi Azərbaycan dövlətini haqqında Avropa Məhkəməsinin qərarları olan bir qrup şəxsin hüquqlarını dərhal bərpa etməyə çağırıb. İyunun 9-da dərc edilən aralıq qətnamədə həbsdə olmuş hüquq müdafiəçiləri Anar Məmmədli, İntiqam Əliyev, jurnalist Xədicə İsmayıl, ictimai fəallar Zaur Qurbanlı, Rəşad Həsənov, Rəşadət Axundov, Üzeyir Məmmədli, Bayram Məmmədov (2021-ci ilin may ayında həlak olub), Qiyas İbrahimov və siyasətçi Natiq Cəfərlinin adları çəkilir, Avropa İnsan Hüquqları Məhkəməsinin onların Avropa İnsan Hüquqları Konvensiyası ilə tanınan hüquqlarının pozulduğunu müəyyən etdiyi xatırladılır.
Natiq Cəfərlinin cinayət təqibinə xitam verildiyi, üstündə vergi borcu qaldığı bildirilir.
Nazirlər Komitəsi Azərbaycan dövlətini 31 iyul 2021-ci ilədək göstərilən şəxslərin işləri üzrə tədbirlər görülməsində irəliləyişə nail olmağa, pozuntuların köklü səbəblərinin aradan qaldırılması üçün effektiv addımlar atmağa çağırıb.
Başqa bir qərar 2007-ci ildə böhtan ittihamı üzrə azadlıqdan məhrum olunmuş jurnalistlər Rövşən Mahmudov və Yaşar Ağazadənin şikayətini əhatə edir. Avropa Məhkəməsi onların hüquqlarının pozulduğunu tanıyıb və hakimiyyətə diffamasiyaya görə cinayət cəzasının ləğvini tövsiyə edib. Nazirlər Komitəsi Azərbaycan dövlətini vətəndaşların böhtan və təhqirə görə özbaşına təqibini, ifadə azadlığının məhdudlaşdırılmasını istisna edən tədbirlər görməyə, o cümlədən Cinayət Məcəlləsinə müvafiq düzəlişlər etməyə çağırıb.
1949-cu ildə yaradılan Avropa Şurasının əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi, milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.
2020-ci il martın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanla bağlı qətnamə qəbul etmiş, müxalif siyasətçi İlqar Məmmədov, vətəndaş cəmiyyəti fəalları və hüquq müdafiəçiləri Rəsul Cəfərov, Anar Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşadət Axundov, İntiqam Əliyevin hüquqlarının bərpa edilməməsinə irad bildirmiş, Azərbaycan dövlətini ittiham hökmlərinin ləğvini təmin etməyə və mənfi nəticələri aradan qaldırmağa, o cümlədən həmin şəxslərin mülki və siyasi hüquqlarının tam bərpasını təmin etməyə çağırmış, görülən tədbirlər barədə hesabat vermək üçün 30 aprel 2020-ci ilədək son vaxt qoymuşdu. Avropa İnsan Hüquqları Məhkəməsi onların Azərbaycanda məhkum edilməsini qanunsuz sayıb, 29 may 2019-cu il qərarında göstərib ki, Azərbaycan 2014-cü ilin mayından başlayaraq bu qrup üzrə ilk qərarın icra edilməsinə dair öhdəliyini yerinə yetirməyib.
Azərbaycan Ali Məhkəməsinin Plenumu 23 aprel 2020-ci il iclasında Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun və hüquq müdafiəçisi Rəsul Cəfərovun cinayət işlərinə yenidən baxıb, hər iki şəxsə bəraət verilməsi, dövlətin onlara mənəvi təzminat ödəməsi qərarları çıxarılıb.