ABŞ “Pfizer” şirkətindən 500 milyon doza koronavirus peyvəndi alıb 92 ölkəyə pulsuz paylayacaq. Novator.az-ın məlumatına görə, bunu ABŞ prezidenti Cozef Bayden “Tvitter” şəbəkəsində yazıb.
O bildirib ki, söhbət orta və aşağı gəlirli 92 ölkədən gedir. Bayden vurğulayıb ki, Amerikanın qüdrəti sayəsində istehsal olunan bu vaksinlər dünyada milyonlarla adamın həyatını xilas edəcək.
Baydenin bu açıqlamasından az əvvəl CNN kanalı xəbər yaymışdı ki, ABŞ prezidenti “Böyük yeddiliyin” (G7) iyunun 11-13-nə Böyük Britaniyaya təyin olunan sammitində dünyaya yarım milyard doza “Pfizer” peyvəndi həddiyə olunacağını elan etməyə hazılaşır.
Həmin məlumatda peyvənd dozalarının 200 milyonunun bu il ərzində, 300 milyonunun isə gələn ilin ortalarınadək xarici ölkələrə hədiyyə edilməsinin nəzərdə tutulduğu qeyd olunub.
CNN Baydenin koronavirus pandemiyası üzrə baş müşavirinin hazırda bu məsələnin hüquqi tərəfləri üzərində çalışdığını da vurğulayıb.
Vaksin dozaları 92 ölkəyə beynəlxalq COVAX təşəbbüsü vasitəsilə çatdırılacaq.
2019-cu ilin dekabrında Çində üzə çıxan koronavirus infeksiyası indiyədək dünyada 3 milyon 788 mindən çox adamın ölümünə səbəb olub.
Mənbə: CNN.com