İqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli dünya bazarında neft və qazın bahalaşmasına diqqət çəkib. Novator.az-ın məlumatına görə, o yazır ki, Avropa bazarında neftin barrelinin qiyməti 70-72 dollara, qazın hər min kubmetrinin orta qiyməti 357 dollara çatır: “Azərbaycan üçün yaxşı xəbərdir, deməli, valyuta daxilolmaları artacaq, devalvasiya riski hələlik azalacaq. Amma karbohidrogen resurslarının qiyməti artanda Azərbaycan hökumətinin ritorikasından “islahat” sözü azalır. Yəni neft-qaz ucuzlaşanda heç olmasa sözdə “islahat” deyirsə, qiymət artan kimi hər şey yaddan çıxır. Son aylar siyasi-iqtisadi və kadr sahəsində durğunluq, məncə, bu amillə bağlıdır.
Hökumət unutmasın ki, neft-qaz qiymətləri “yelləncək” prinsipi ilə formalaşır, yuxarıya doğru olan dəyişiklikdən sonra mütləq aşağıya doğru hərəkətə keçir. Yəni müvəqqəti artan qiymətlər əsl islahatlar aparmaq üçün zəmin yaradır, bu fürsəti hökumət iki dəfə qaçırdıb, indi üçüncü fürsətdir – bu da qaçsa, ölkə üçün daha ağır durum yaranacaq”.
Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin yanvar-aprel aylarında 6,3 milyard dollardan çox ixrac gerçəkləşib. İxracın 89 faizindən çoxu neft-qaz sektoruna daxil olan mallardır.
2021-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 40 dollardan götürülüb. “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 50,92, fevrala 56,68, marta 65,66, aprelə 64,25, maya 66,55, iyuna 70,57 dollarla başlayıb.