İyunun 20-si Ermənistanda yeni parlament seçiləcək. Novator.az bildirir ki, bu, dövlət müstəqilliyi dövründə səkkizinci parlament seçkisidir.
Ermənistan 1991-ci ildə müstəqil dövlət elan edilib. Ölkə parlamenti Milli Məclis adlanır.
1995-ci il iyulun 5-də formalaşan birinci parlament 190 deputatdan ibarət olub, 150 nəfər majoritar sistemlə (dairələrdən), 40 nəfər proporsional sistemlə (partiya siyahıları üzrə) seçilib.
30 may 1999-cu ildə seçilən ikinci parlament 131 deputatdan ibarət olub, 75 nəfər majoritar, 56 nəfər proporsional sistemlə mandat alıb.
25 may 2003-cü ildə üçüncü parlament formalaşıb, 131 deputatın 75-i proporsional, 56-sı majoritar sistemlə seçilib.
Dördüncü (12 may 2007-ci il) və beşinci (6 may 2012-ci il) seçkilərdə 131 nəfərlik parlamentin 90 deputatı proporsional, 41 deputatı majoritar sistemlə mandat götürüb.
2 aprel 2017-ci ildə altıncı Milli Məclisin 105 deputatı ölkə və bölgələr üzrə ayrı-ayrı partiya siyahıları üzrə seçilib.
2018-ci ildən tətbiq olunan qaydaya əsasən, Ermənistan parlamenti azı 101 nəfərdən ibarət olur. Mandatların azı üçdə birinin azlıqdakı qüvvələrə düşməsi mütləqdir. Ölkə və bölgələr üzrə ayrı-ayrı partiya siyahıları üzrə təşkil olunan 9 dekabr 2018-ci ilin növbədənkənar seçkisində bu sistem tətbiq edilib, yeddinci parlamentdə 132 nəfər (88 nəfər hakim qüvvədən, 44 nəfər müxalifətdən) yer alıb.
Səkkizinci parlament seçkisi – 20 iyun 2021-ci ilin növbədənkənar seçkisi ölkə üzrə vahid partiya siyahıları (tam proporsional sistemlə) keçiriləcək. Marafonda əsas iddiaçılar hökumət başçısı Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyası, deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası, birinci prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi, ikinci prezident Robert Köçəryanın Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə yaratdığı Ermənistan bloku, üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası ilə Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyasını birləşdirən “Qürurluyam” blokudur.
Seçki yarışına Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Azadlıq Partiyası, Azad Vətən bloku, Şirinyan-Babacanyan bloku da qatılıblar.
Parlamentə düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir. Hökumət parlament seçkisinin nəticələri əsasında formalaşır. Bunun üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir. Seçki Məcəlləsinə görə, parlamentdə minimum üç siyasi qüvvə təmsil olunmalıdır.
2018-ci il aprelin 9-da ölkə parlament idarə üsuluna keçib. Bu sistemə görə, icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir.
2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan 2018-ci il aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.