İyunun 4-dən 6-dək Bakıda növbəti “Formula 1” yarışı keçirildi. Azadlıq meydanından başlayan 6 kilometrlik Bakı treki paytaxtın bir çox mərkəzi küçəsini əhatə edir. Əvvəlki yarışlar 2016, 2017, 2018 və 2019-cu illərə təsadüf edib.
Novator.az-ın məlumatına görə, iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu paytaxtın 2022, 2023 və 2024-cü illərdə də “Formula 1”ə ev sahibliyi edəcəyini xatırladaraq yazır ki, 2016-cı ildən bəri kiçik bir qrupun ağ günləri, paytaxt sakinlərinin isə qara günləri başlayıb: “Bakı şəhərində yaşayanlar, xüsusilə də yarış dövründə şəhərdən çıxmağa imkanı olmayan kasıb təbəqə ildə bir dəfə azı bir həftə bu ağrı-acını çəkir. Amma bu yarışdan yüz milyonlarla qazananlar hər il daha çox varlanırlar. Varlandıqca da xalqla daha az məlumat bölüşürlər.
İndiyə qədər “Formula 1”ə büdcədən nə qədər xərclənib, büdcəyə nə qədər vəsait daxil olub? Gəlirlər, xərclər, cərimələr barədə məlumat açıqlanmır. Ara-sıra mətbuata sızan məlumatlar da şübhə doğurur. Çünki gəlirlər şişirdilir, məsrəflər kiçildilir. Gəlirlərin hesablanması metodikası bəlli olmadığından onun birbaşa və dolayı hissəsinin necə hesablandığı da məlum deyil.
Yarışa məsul “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin saytında bir dənə də olsun hesabat yoxdur. Bunun başlıca səbəblərindən biri də şirkətlərin vergi ödəmələrinin kommersiya sirri sayılması və açıqlanmasına yasaq qoyulmasıdır. Hakimiyyətə məxsus olan bu şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin gizli saxlanması qazanılmış vəsaitlərdən dövlətin faydalanmasına da şübhə yaradır”.
İqtisadçı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli də özünün “Facebook” səhifəsində “Formula 1” yarışına toxunub: “Dünyanın əksər ölkələrinin vətəndaşları bəlkə də arzulayırlar ki,” Formula 1” yarışı onların ölkəsində, şəhərində keçirilsin, izləyə bilsinlər. Amma bizdə tutmadı bu iş, insanların əksəriyyəti yarışların yaratdığı çətinliklərdən bezib, bağlı yollar, tıxaclar, xərclənən büdcə pulları – bütün bunlar narazılıq yaradır. Ona görə də hökumətin israrlı “Formula” sevgisi heç anlaşılan deyil.
Yaxın günlərdə Avropa futbol çempionatının bir neçə oyunu Bakıda olacaq. Bu başqa məsələ, həm maraqlıdır, həm ölkənin təbliğinə yarayır, həm də gəlirli, qazanclı yarışdır. Belə yarışlara sözüm yox, olsun, amma bu “Formula” bəlasından qurtulmaq lazımdır”.