ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker iyunun 8-i Bakıda prezident İlham Əliyevlə görüşüb. “Turan”ın məlumatına görə, Filip Riker paytaxtda keçirdiyi mətbuat konfransında deyib ki, prezidentlə energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, regionda təhlükəsizlik məsələləri müzakirə olunub.
Bölgədəki vəziyyətə toxunan Filip Riker Vaşinqtonun Ermənistan-Azərbaycan sərhədində gərginliyin artmasından narahatlığını ifadə edib: “Ermənistanla Azərbaycan arasında münaqişədə çox həyat itirilib və yeni eskalasiyanın mümkünlüyü çox narahatlıq yaradır. Hər iki tərəfi qoşunları sərhəddən çıxarmağa, demarkasiya məsələlərini sülh yolu ilə həll etməyə çağırırıq. ABŞ hər iki tərəfi münaqişənin uzunmüddətli həlli üçün ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlara başlamağa səsləyir. Vaşinqton Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində iştirak, bu səyləri həmçinin Minsk qrupunun digər həmsədrləri Rusiya və Fransa ilə birlikdə davam etdirmək niyyətindədir”.
Filip Riker iyunun 8-də vətəndaş cəmiyyətinin nümayəndələri Rəsul Cəfərov, Anar Məmmədli və Günel Səfərova ilə də bır araya gəlib. Görüşdə Azərbaycanda insan hüquqlarının və vətəndaş cəmiyyətinin durumu, birləşmək, toplaşmaq, ifadə, fikir, media azadlığı, siyasi məhbus problemləri ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində ərazilərin böyük hissəsi azad edilib.
Yuxarı Qarabağın bir hissəsi işğalda qalır. Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik rayonlarda mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın və Kəlbəcər rayonları istiqamətindəki bəzi sahələrini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Mayın 27-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu sahəsində Azərbaycan sərhədini keçib, ərazidə minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Düşmənin 6 hərbi qulluqçu tərksilah edilərək saxlanıb.
İyunun 1-də Ermənistan silahlı qüvvələri təqribən 40 nəfərə yaxın şəxsi heyətlə Kəlbəcər rayonunun Armudlu kəndi istiqamətində 400 metr Azərbaycan ərazisinə girərək mövqe tutublar. Azərbaycan silahlı qüvvələrinin dərhal həyata keçirdiyi tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələri ölkə ərazisindən çıxarılıb. Silah tətbiq edilməyib.
İyunun 8-də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu dövlət sərhədinin Laçın rayonu sahəsində Azərbaycan ərazisinə daxil olub. Azərbaycan Ordusu bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. İlkin araşdırmalar göstərir ki, kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərin minalanması olub.
1992-ci ildə Azərbaycan-Ermənistan münaqişəsini dinc yolla tənzimləmək yaradılmış üçün ATƏT-in Minsk qrupu yaradılıb. ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi qrupda Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan və Azərbaycan da təmsil olunur.