İqtisadçı Natiq Cəfərli qiymət artımına təsir edən amillərdən yazıb. Novator.az-ın məlumatına görə, ekspert qeyd edir ki, Azərbaycanda idxal mallarının maya dəyərinə xaricdəki qiymət, yol xərci, gömrük rüsumları və vergilər, sahibkarın qazancı daxildir: “Normal halda sahibkar, məsələn, 5 manata mal alır, 1 manat yola, 2 manat rüsum-vergilərə xərcləyir, 1-2 manat da üstünə qoyur, malı 9 manata topdan, 10 manata pərakəndə satışa çıxarır. Yəni normalda xaricdə 5 manata alınan mal Azərbaycan bazarında 10 manata satılır.
Dövlətin burada rolu və funksiyası nə olmalıdır? O görəndə bir məhsulun qiyməti artır, ya daxili istehsalı stumullaşdırır, ya da gömrük rüsumlarını və vergiləri azaldır. Ədalətli və seçkili hökumətlər daxili istehsalı stimullaşdırmaq üçün nə edir? İstehsalçılara dəstək olur, ucuz və uzunmüddətli kreditlərə çıxış imkanı yaradır, istehsalçılara vergi güzəştləri tətbiq edir. Yerli istehsalı mümkün olmayan, ya da çox az olan mallar üçün isə rüsumları sıfırlayır, vergiləri azaldır ki, bazara ucuz mal daxil olsun.
Bizim hökumət nə edir? Rəqabətli mühit təmin etmir, sosial yönlü mallara rüsumları sıfırlamır, ölkədə istehsalı az və ya heç olmayan mallara əlavə dəyər vergisini ləğv etmir və ya azaltmır – nəticədə qiymətlər şişir, sonra da məmurlar çıxıb süni qiymət artımından danışırlar. Normal çalışan iqtisadi sistemdə, bazar iqtisadiyyatında süni qiymət artımı olmur, ola bilməz!
Gömrük Komitəsi və Vergi Xidməti rəsmiləri tez-tez bəyan edirlər ki, plandan artıq rüsum-vergi yığmışıq. Etiraf etmək istəmirlər ki, ödənən hər manat rüsum-vergi sonda mütləq bizim, alıcının, vətəndaşın cibindən çıxır.
Dövlət niyə rüsum-vergilərdə israrlıdır? İzah edəcəklər ki, dövlət büdcəsi var, xərclər var, dövlətin çalışması, təhlükəsizliyi və digər ödənişlər var. Birincisi, ölkə büdcəsinin 50%-i birbaşa Neft Fondundan transfertdir, yəni xalqa məxsus olan neftin puludur, 10-12%-i neft şirkətlərinin ödədiyi vergilərdir – bu da neftin puludur. Qalan 40%-ə yaxın vəsaitin mənbəyində də dolayı neft pulu var: neftin pulu büdcəyə, sonradan büdcədən maaş alan 915 min adama gedir – onlar həmin pulun 14%-ni büdcəyə, 3%-ni isə Dövlət Sosial Müdafiə Fonduna vergi kimi geri qaytarırlar. Sonra büdcə vəsaiti təmir-tikintiyə gedir (korrupsiyanı saymasaq) və bir hissəsi (ən azı 20%-ə yaxını) müxtəlif yollarla vergi şəklində yenə büdcəyə qayıdır. Deməli, büdcənin neftdən asılılığı birbaşa və dolayı yolla 75% ətrafındadır.
Əlbəttə, vergilər də ödənməli, rüsumlar da olmalıdır, büdcəyə vəsait gəlməlidir – amma bir incə məsələ var: vergi həmişə seçkiyə bağlıdır, yəni seçkili institutlar yoxdursa, verginin, vergi yoxdursa, seçkili institutların önəmi olmur. Vergi alırsınızsa, seçkini də təmin etməlisiniz, seçki və vergi lap qədimdən vətəndaşı dövlətə bağlayan iki ana xətt, dövlətin varlığını təmin edən iki magistraldır: Ola bilməz ki, dövlət vergi, rüsum, cərimə yığsın, amma seçkili institutların formalaşmasına mane olsun – bu, mümkün və işlək model deyil”.