İsraildə hökumət böhranı və Benyamin Netanyahu dövrü başa çatmaq üzrədir. Novator.az bildirir ki, yeni parlamentdə 17 mandatı olan Gələcək Var Partiyasının lideri Yair Lapid koalision hökumət qurur. Əsas ortağın Yeni Sağlar İttifaqı olduğu koalisiyaya daha 6 siyasi qüvvə qoşulur.
Baş nazir postunu ilk iki ildə Yeni Sağlar İttifaqının lideri Naftali Bennetin, növbəti iki ildə Yair Lapidin tutacağı bildirilir.
İsraildə martın 23-də keçirilmiş növbədənkənar parlament seçkisində qanunverici orqana 13 siyasi qüvvə düşüb. Baş nazir Benyamin Netanyahunun Likud Partiyası 120 nəfərlik parlamentə 30 mandat əldə edib, digər siyasi qüvvələr 4-17 arası yer götürüb.
Hökumət qurmaq üçün 61 mandat lazımdır. Benyamin Netanyahunun koalisiya yaratmaq cəhdləri uğursuz olub, bundan sonra Yair Lapidə mandat verilib.
2019-cu il aprelin 9-da və sentyabrın 17-də keçirilmiş seçkilərdən sonra hökumət qurmaq alınmayıb.
2020-ci il martın 2-də keçirilmiş parlament seçkisində Likud Partiyası ilə Beni Qantsın liderlik etdiyi müxalif blok önə çıxıb. Mayın 17-də Benyamin Netanyahu ilə Beni Qants hökumət formalaşdırıblar. Ancaq 2021-ci ilin büdcəsini qəbul edə bilmədiyi üçün dekabrın 23-də parlament buraxılıb.
1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2009-cu ildən baş nazirdir. O, 1996-1999-cu illərdə də hökumətə rəhbərlik edib.