Azərbaycan Xalq Cəbhəsi (AXC) hakimiyyətinin devrilməsi ilə nəticələnən iyun qiyamından 28 il ötür.
Novator.az bildirir ki, AXC 1989-cu il iyulun 16-sı Bakıda təsis olunub. Qurucu konfransda Əbülfəz Elçibəy AXC sədri seçilib.
İlk İdarə Heyətində Canbaxış Umudov, Etibar Məmmədov, Ələkrəm Hümmətov, Hikmət Hacızadə, İsa Qəmbər, Leyla Yunus, Nemət Pənahlı, Nəcəf Nəcəfov, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Sülhəddin Əkbər, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə təmsil olunublar.
İkinci İdarə Heyətinə əvvəlki tərkibdən Etibar Məmmədov, Hikmət Hacızadə, İsa Qəmbər, Pənah Hüseyn, Rəhim Qazıyev, Sabit Bağırov, Tofiq Qasımov, Yusif Səmədoğlu ilə yanaşı Arif Paşa, Dilarə Əliyeva, Əlikram Əliyev, Firudin Səməndərov, Sabir Rüstəmxanlı, Vurğun Əyyub mandat alıblar.
1991-ci ildə İdarə Heyəti institutu ləğv edilib.
AXC Ali Məclisinin sədri postunu 1991-ci ilə qədər Tamerlan Qarayev, 1992-ci ilə qədər Arif Hacılı, 1992-ci ildən Qulamhüseyn Əlibəyli tutub.
1995-ci ildə AXC partiyaya çevrilib. 2000-ci ildən həmin siyasi təşkilata – Azərbaycan Xalq Cəbhəsi Partiyasına Əli Kərimli rəhbərlik edir.
AXC rəhbərliyində təmsil olunmuş şəxslərin 9-u dünyasını dəyişib. Dilarə Əliyeva 1991-ci ildə avtomobil qəzasında həlak olub, Yusif Səmədoğlu 1998-ci, Nəcəf Nəcəfov 1999-cu, Əbülfəz Elçibəy 2000-ci, Əlikram Əliyev 2011-ci, Vurğun Əyyub, Firudin Səməndərov 2019-cu, Tofiq Qasımov, Hikmət Hacızadə 2020-ci ildə vəfat ediblər.
***
1991-ci il avqustun 30-da Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, sentyabrın 8-də dövlət başçısı Ayaz Mütəllibov ümumxalq səsverməsi ilə prezident seçilir.
Yuxarı Qarabağ bölgəsini Azərbaycandan qopartmaq istəyən Ermənistanın 1988-ci ildən başlayan təcavüzü güclənir, azərbaycanlıların yaşadığı kəndlər bir-birinin ardınca zəbt olunur.
1992-ci il fevralın 26-da Xocalı şəhəri işğal olunur.
Martın 6-da prezident Ayaz Mütəllibov parlamentdə fraksiya ilə təmsil olunan Azərbaycan Xalq Cəbhəsinin və başqa müxalif qüvvələrin təkidi ilə istefa verir. Prezident səlahiyyətləri parlament sədri Yaqub Məmmədova keçir, iyunun 7-nə prezident seçkisi təyin edilir, dövlət başçısı postuna AXC sədri Əbülfəz Elçibəyin də namizədliyi qeydə alınır.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunur. Ölkədə vəziyyət gərginləşir, sabiq prezident Ayaz Mütəllibovun tərəfdarları parlamentin binası qarşısında oturaq aksiyalar keçirib onun hakimiyyətə qayıtması tələbini qoyurlar.
Mayın 14-də parlamentin qərarı ilə Ayaz Mütəllibov prezident kürsüsünə qaytarılır, 7 iyun seçkisi ləğv edilir.
Mayın 15-də AXC-nin başçılıq etdiyi kütləvi etirazlarla Ayaz Mütəllibov yenə hakimiyyətdən uzaqlaşdırılır, prezident seçkisi bərpa olunur, hakimiyyətin müxalifətə ötürülməsi prosesi başlayır.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayonun çox hissəsi ermənilərin əlinə keçir.
Mayın 18-də İsa Qəmbər parlament sədri seçilərək prezident səlahiyyətlərini icra edir.
İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilir, iyunun 17-də səlahiyyətlərinin icrasına başlayır.
AXC hakimiyyətinin ilk aylarında işğaldakı torpaqların bir hissəsi, o cümlədən Ağdərə bölgəsinin və Laçın rayonunun bir hissəsi azad edilir.
1993-cü ilin fevral ayından Ağdərədə ərazilərin bir hissəsi itirilir, martın sonundan təcavüz artır, aprelin 2-də Kəlbəcər rayonu işğal edilir.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırır. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnir. İyunun 15-də deputat Heydər Əliyev parlament sədri seçilir. İyunun 24-də Milli Məclis Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən qərar çıxarır, prezident səlahiyyətləri Heydər Əliyevə keçir, Surət Hüseynov baş nazir təyin olunur. Avqustun 29-da keçirilən referendumda Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi rəsmiləşir. Oktyabrın 3-də Heydər Əliyev prezident seçilir.
Hakimiyyət dəyişikliyi dalğasına düşən yay-payız aylarında Ağdərə şəhəri, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal olunur…
1993-cü ildən dövlət başçısı olan Heydər Əliyev 2003-cü ildə vəfat edib. 2003-cü ildən bəri onun oğlu İlham Əliyev prezidentdir.
***
2020-ci ildə Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Kəlbəcər, Ağdam bütünlüklə, Şuşa, Laçın, Xocavənd, Xocalı, Ağdərə qismən azad edilib.
Yuxarı Qarabağın bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.