Azərbaycanda Aİ-95 (“Premium”) markalı benzinin litri iyunun 2-dən 1 manat 25 qəpikdən 1 manat 40 qəpiyə, Aİ-98 (“Super”) markalı benzinin litri 1 manat 40 qəpikdən 1 manat 55 qəpiyə qaldırılıb. Novator.az-ın məlumatına görə, bahalaşmanı şərh edən iqtisadçı Qubad İbadoğlu yazır ki, 2020-ci ildə, pandemiyanın ilk dövrlərində neftin qiyməti çox düşsə də, idxal benzinində adekvat ucuzlaşma olmadı: “Lakin dünya bazarında neftin bahalaşması hazırkı qiymət artımını labüd edirdi. Aİ-92 markalı benzində və dizel yanacağında qiymət artımı da buna təkan vermişdi. Bu il yanvarın 5-dən Aİ-92 markalı avtomobil benzininin litri 1 manata, dizel yanacağının litri 80 qəpiyə satılır.
Azərbaycan Aİ-95 və Aİ-98 markalı benzinləri 2014-cü ilin aprelin 1-dən idxal edir. Hazırda Aİ-95 Rusiyadan, Aİ-98 Rumıniyadan gətirilir. Dövlət Neft Şirkəti Aİ-95 markalı benzinin istehsalına ən yaxşı halda 2023-cü ildə başlaya biləcək. Ondan sonra bu markalı benzinin qiymətini də dövlət tənzimləyəcək.
2021-ci ildən həm “Premium”, həm də “Super” markalı avtomobil benzinlərinə tələbat artıb. Çünki xüsusilə də Aİ-95-lə Aİ-92-nin qiymət fərqi azalmışdı. Böyük ehtimalla 2 iyun bahalaşması Aİ-92 benzinə tələbatı az da olsa artıracaq, bundan Dövlət Neft Şirkəti qazanacaq, istehlakçılar və ekologiya itirəcək. Qiymət artımı sərnişin və yük daşımalarında qiymətə əhəmiyyətli təsir etməsə də, istehlakçıların xərclərini yüksəldəcək, zəif oktanlı yanacağın istifadəsinin artımı isə atmosferə atılan tullantıların həcmini çoxaldacaq”.