Ermənistanda yeni hökumət iyunun 20-nə təyin olunmuş parlament seçkisinin nəticələri əsasında formalaşacaq. Hökumət qurmaq üçün parlament mandatlarının azı 54 faizini almaq gərəkdir.
2018-ci il aprelin 9-dan Ermənistanda icra hakimiyyətinin ali orqanı Nazirlər Kabinetidir, dövlət idarəçiliyinə rəhbərliyi baş nazir həyata keçirir. Nazirlər Kabineti üzvlərini baş nazirin təqdimatı ilə prezident təyin edir. Qubernatorların təyinatı baş nazirin səlahiyyətindədir.
Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir müharibə zamanı ali baş komandan olur.
Novator.az bildirir ki, seçki proporsional sistem üzrə keçiriləcək. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
1991-ci ildə müstəqilliyini bərpa edəndə Ermənistanda baş nazir postunu Vazgen Manukyan tutub.
1991-1992-ci illərdə Qaqik Arutyunyan hökumət başçısı səlahiyyətlərini icra edib.
Sonrakı illərdə bu şəxslər baş nazir kürsüsündə əyləşib: Xosrov Arutyunyan (1992-1993), Qrant Baqratyan (1993-1996), Armen Sərkisyan (1996-1997), Robert Köçəryan (1997-1998), Armen Darbinyan (1998-1999), Vazgen Sərkisyan (1999), Aram Sərkisyan (1999-2000), Andranik Marqaryan (2000-2007), Serj Sərkisyan (2007-2008), Tiqran Sərkisyan (2008-2014), Ovik Abramyan (2014-2016), Karen Karapetyan (2016-2018).
2018-ci il aprelin 9-da ölkə parlament idarə üsuluna keçib, 2008-ci ildən prezident postunu tutmuş Serj Sərkisyan aprelin 17-də baş nazir postuna oturub, ancaq aprelin 23-də xalq etirazları səbəbindən istefa verib. Mayın 8-də baş nazir postuna etirazların lideri Nikol Paşinyan gətirilib. O, həmin il oktyabrın 16-da istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürüb. 2021-ci il aprelin 25-də Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
Nikol Paşinyan seçkiyə sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası ilə gedir.
Deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası, birinci prezident Levon Ter-Petrosyanın sədrlik etdiyi Erməni Milli Konqresi də seçkiyə təkbaşına qatılıblar.
İkinci prezident Robert Köçəryan Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə Ermənistan bloku yaradıb.
Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda birləşib.
Parlamentə düşməyə Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Erməni Qartalları – Vahid Ermənistan Partiyası, Azadlıq Partiyası, Azad Vətən bloku, Şirinyan-Babacanyan bloku da iddia edirlər.
Azı 101 deputatdan ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir.