İyunun 2-si Böyük Britaniyanın təqdim etdiyi rəsmi hesabat son 24 saat ərzində ölkədə heç kimin koronavirusdan ölmədiyini göstərir.
Novator.az saytı “Euronews” kanalına istinadla bildirir ki, bu, ötən il iyulun 30-dan bəri ilk belə göstəricidir.
İndiyədək Britaniyada 4 milyon 500 minə yaxın adam koronavirusa yoluxub. Onlardan 123 minə yaxını vəfat edib.
Son zamanlar yoluxmaların sayı azalmağa doğru getsə də, bir neçə gündür yenidən artım baş qaldırıb. Son bir həftədə yoluxanların sayı 31 faiz çoxalıb.
İyunun 2-nə olan rəsmi hesabata görə, son sutka ərzində koronavirusa yoluxanların sayı 3165 nəfər olub.
Böyük Britaniya əhalinin koronavirus əleyhinə peyvəndlənməsi prosesində dünyada aparıcı yerlərdən birini tutur. Ölkədə yetkin yaşlı adamların dörddə üçü peyvəndin birinci dozasını qəbul edib. Onların yarısına artıq ikinci doza da vurulub.
2019-cu ilin dekabrında Çində üzə çıxaraq dünyanı bürüyən yeni növ koronavirus infeksiyası 208 ölkə, ərazi və məkanda 3 milyon 600 minə yaxın adamın ölümünə səbəb olub.
Mənbə: Euronews.com