İyunun 15-də Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın Azərbaycana səfəri, o cümlədən Yuxarı Qarabağa, işğaldan azad edilmiş Şuşa şəhərinə getməsi planlaşdırılır. Novator.az-ın məlumatına görə, AXCP funksioneri Fuad Qəhrəmanlı yazır ki, Ərdoğanın səfəri Qarabağda Rusiyanın hərbi nəzarəti fonunda Azərbaycana verilən açıq siyasi dəstək hesab oluna bilər: “Qarabağda hərbi iştirakı əngəllənən Türkiyə bu səfərlə regionun təhlükəsizlik konfiqurasiyasında iştirakdan geri çəkilmədiyi, siyasi, diplomatik sahədə Rusiyanın birtərəfli nəzarət planları ilə barışmadığı mesajını verəcək.
Ərdoğanın Şuşaya NATO sammitində ABŞ prezidenti Cozef Baydenlə görüşdən sonra səfər etmək istəməsi diqqət çəkir. İki ölkə liderinin görüşündə əldə olunası anlaşmaların bizim regiondakı qüvvələr balansına da ciddi təsir edəcəyi gözlənir. Görünür, ilkin razılaşmalar var və bu üzdən də Ərdoğan özünə arxayın şəkildə hər vəchlə Türkiyəni Qarabağa buraxmaq istəməyən Rusiya prezidenti Vladimir Putinə qarşı açıq demarş edir.
Qərbin nəzərində Rusiyanın qarşısına çıxacaq əsas NATO gücü Türkiyədir. Bu, Ukrayna, Suriya, Qarabağ məsələlərində açıq şəkildə öz təsdiqini tapıb. Türkiyəyə gərəkli dəstək verilməsə, o zaman istər Ukrayna məsələsində, istərsə Suriyada və Cənubi Qafqazda Rusiyanın aqressiv davranışlarını və hərbi nəzarətini durdurmaq cəhdləri uğur qazana bilməz. Qarşıdakı dönəmdə Türkiyə Rusiyanın qarşısına həm də bir NATO ölkəsi olaraq çıxmağa başlayacaq. Bu isə iki ölkə arasında geosiyasi rəqabətin kəskinləşməsi və mövcud hərbi tarazlığın tədricən Rusiyanın əleyhinə dəyişməsi ehtimalını artırır.
Son günlər Azərbaycan-Ermənistan sərhədində yaranmış lokal qarşıdurmalar heç də təsadüfi deyil. Rusiya bu gərginlikləri təşkil etməklə Zəngəzurda sərhəd xəttini öz hərbi nəzarətinə götürməyə nail oldu, Türkiyənin Qərbin dəstəyi ilə gözlənən yeni geosiyasi həmlələrinə qarşı mövqelərini gücləndirdi.
Belə bir vəziyyət Azərbaycan iqtidarı üçün manevr məkanını getdikcə daraldır. Bir tərəfdə NATO ölkəsi olaraq Azərbaycanın dostu Türkiyə, digər tərəfdə isə işğalçı Ermənistanın himayədarı və Qarabağı öz hərbi nəzarətində saxlayan, suverenliyimizə hörmət etməyən Rusiya. Xarici siyasətdə hazırkı status-kvonu uzun müddət saxlamaq mümkün olmayacaq və mütləq bu iki tərəf arasında strateji seçim qərarı vermək lazım gələcək”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
10 noyabr 2020-ci il razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. 2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir, bu proses sərhəd xəttini təyin edən xəritələr əsasında həyata keçirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.
Mayın 27-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki kəşfiyyat-diversiya qrupu Kəlbəcər rayonu sahəsində Azərbaycan sərhədini keçib, ərazidə minalama işləri və digər təxribat əməllərini aparmağa cəhd göstərib. Düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu tərksilah edilərək saxlanıb.