Gənc fəal İlkin Rüstəmzadə iyunun 1-də “Turan”a açıqlama verib. O deyib ki, mayın 31-i axşam bacısı Türkan Rüstəmzadə Bakı metrosunun “Əhmədli” stansiyası yaxınlığında tanımadığı oğlanın hədəsi ilə üzləşib: “Arxadan yaxınlaşıb bacımın ağzını əli ilə tutan gənc “Qardaşını xəbərdar elə ağıllı olsun” deyərək qaçıb”.
1992-ci il təvəllüdlü İlkin Rüstəmzadə 2013-cü ilin mayında tutularaq kütləvi iğtişaşların təşkili, qrup halında xuliqanlıq və ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə xuliqanlıqda təqsirli bilinib, 8 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu il martın 16-da əfv olunub.
2021-ci ildə “Qanun” nəşriyyatında onun “Qaranlığın hekayəsi” kitabı çapdan çıxıb. Kitabında İlkin Rüstəmzadə həbsxana həyatından bəhs edib, repressiyalara, işgəncələrə diqqət çəkib.
Mayın 31-də baş verən hadisəni ictimai-siyasi fəaliyyəti, o cümlədən həbsxana həyatından bəhs edən kitabı ilə bağlı olduğunu iddia edən İlkin Rüstəmzadə “Turan”a deyib ki, bir neçə gün öncə sosial şəbəkədə ona qarşı kütləvi kampaniya başlanıb: “Mən İran dövlətini və onun siyasətini dəstəkləyənləri tənqid eləmişdim. Adını qoydular ki, guya dindarları təhqir etmişəm. Hökumətin nəzarətində olan dindarlar bunu kampaniyaya çevirdilər və real təhdidlərə məruz qaldım. Hətta vurmaqla, öldürməklə təhdid edirlər”.