ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşündə insan haqlarının pozulması məsələsini də qaldıracağını bəyan edib.
Baydenlə Putin bu ay İsveçrədə görüşməlidirlər.
Novator.az saytı CNN kanalına istinadla xəbər verir ki, Cozef Bayden deyib: “Onunla açıq danışacam. Rusiya prezidentinə insan haqlarının pozulmasına imkan verməyəcəyimizi qəti şəkildə bildirəcəm”.
ABŞ dövlətinin kişi və qadınların bərabərliyi idealları üzərində qurulduğunu vurğulayan Bayden ölkəsinin insan hüquqlarının pozulmasına səssiz qalmayacağını və bunu açıq şəkildə bəyan etməyə borclu olduğunu vurğulayıb.
Ötən həftə rəsmi Vaşinqton ABŞ və Rusiya prezidentləri arasında görüşün iyunun 16-da Cenevrə şəhərində baş tutacağını açıqlayıb.
Bu, Cozef Baydenin prezident olandan bəri Putinlə ilk görüşü olacaq. Əvvəllər Bayden vitse-prezident olduğu vaxtlarda Putinlə görüşüb. Baydenin sözlərinə görə, 2011-ci ildə baş tutmuş həmin görüşdə o, Putinin gözlərinin içinə baxaraq “Mənə elə gəlir ki, sizin qəlbiniz yoxdur” deyib.
Ukraynanın Krım bölgəsinin ilhaqı və ABŞ-da seçkiyə müdaxilə kimi məslələrə görə iki ölkə arasında münasibətlər kəskinləşsə də, Bayden lazımsız sürprizlərdən uzaq durmaqla ünsiyyət kanalı qurulacağına ümid etdiyini bildirib.
Bu ilin aprelində Bayden administrasiyası Rusiyaya çoxlu sanksiya tətbiq edib, Rusiyanın bir neçə diplomatı ABŞ-dan çıxarılıb. Əsas səbəb kimi Moskvanın ilhaq etdiyi Krımda insan hüquqlarını kobud şəkildə pozması göstərilib.
ABŞ prezidenti Çin Xalq Respublikasının rəhbəri Si Cinpinlə telefon söhbəti zamanı da insan haqları məsələsini qaldırdığını qeyd edib: “Bu yaxınlarda mənim Çin rəhbəri Si Cinpinlə iki saata yaxın söhbətim oldu. Ona açıq şəkildə bildirdim ki, biz bütün dünyada insan hüquqlarının müdafiəsi ilə bağlı öz sözümüzü deməliyik, çünki biz beləyik”.
May ayında ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə Blinken başqa problemlərlə yanaşı insan haqlarının pozulması məsələsinə də toxunub. Həmçinin o, Lavrovla Rusiyanın aqressiv hərəkətlərindən, ABŞ-ın dövlət idarələrinə və özəl şirkətlərinə haker hücumları təşkil etməsindən, ABŞ-dakı seçkilərə müdaxiləsindən, amerikalı vətəndaşın Rusiyada qanunsuz tutulmasından, rusiyalı müxalifət lideri Aleksey Navalnının həbsindən danışıb.
1942-ci il təvəllüdlü Cozef Bayden 2009-2017-ci illərdə – Barak Obamanın prezidentliyi dövründə vitse-prezident postunu tutub. O, 2020-ci il noyabrın 3-də keçirilmiş seçkidə Respublikaçılar Partiyasının namizədi olan prezident Donald Trampı məğlub edərək ABŞ-ın dövlət başçısı seçilib. Cozef Bayden 2021-ci il yanvarın 20-də and içərək prezident səlahiyyətlərinin icrasına başlayıb.
1952-ci il təvəllüdlü Vladimir Putin 1999-cu ilin avqustunda Rusiyanın baş naziri olub, ilin sonundan həm də prezident vəzifəsini icra edib. 2000-2008-ci illərdə prezident, 2008-2012-ci illərdə baş nazir vəzifələrini tutub. 2012-ci ildən yenidən Rusiyanın prezidentidir.
Mənbə: CNN.com