Mayın 31-də Ermənistanda növbədənkənar parlament seçkisinə qatılan qurumların qeydiyyat müddəti başa çatıb.
Seçki iyunun 20-də proporsional sistem üzrə keçiriləcək. 2 milyon 581 min 93 nəfərin səsvermə hüququ var.
Novator.az-ın məlumatına görə, hökumət başçısı Nikol Paşinyan seçkiyə sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası ilə gedir.
Deputat Qaqik Sarukyanın Çiçəklənən Ermənistan Partiyası, deputat Edmon Marukyanın İşıqlı Ermənistan Partiyası, birinci prezident Levon Ter-Petrosyanın sədrlik etdiyi Erməni Milli Konqresi də seçkiyə təkbaşına qatılıblar.
İkinci prezident Robert Köçəryan Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə Ermənistan bloku yaradıb.
Üçüncü prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublikaçılar Partiyası Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyası ilə “Qürurluyam” blokunda birləşib.
Parlamentə düşməyə Demokrat Partiyası, Ədalətli Ermənistan Partiyası, Respublika Partiyası, Ümumerməni Milli Dövlətçilik Partiyası, Erməni Vətəni Partiyası, Milli Hədəf Partiyası, Avropa Partiyası, Vətəndaş Seçimi Sosial Demokrat Partiyası, Bizim Ev – Ermənistan Partiyası, Milli Demokratik Cinah Partiyası, Vahid Vətən Partiyası, Mühafizəkar Hərəkat Partiyası, Yüksəliş Partiyası, Liberal Partiya, Suveren Ermənistan Partiyası, Oyanış Partiyası, Erməni Qartalları – Vahid Ermənistan Partiyası, Azadlıq Partiyası, Azad Vətən bloku, Şirinyan-Babacanyan bloku da iddia edirlər.
20 iyun seçkisində qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib. Mayın 10-da qanunverici orqan buraxılıb, növbədənkənar parlament seçkisi təyin edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan baş nazir postuna 2018-ci il mayın 8-i xalq hərəkatı dalğasında gəlib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki bu fonda gündəmə gəlib.
Azı 101 deputatdan ibarət olan Ermənistan parlamentinin səlahiyyət müddəti 5 ildir.