Mayın 28-də prezident İlham Əliyev Ağdam şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Ağdamda prezidentə şəhərin baş planı təqdim olunub.
Prezident İlham Əliyev şəhərin bərpasının təməl daşının qoyulması mərasimində iştirak edib, ağac əkib, Ağdam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Səfər çərçivəsində prezident Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, 1 saylı şəhər məktəbinin yeni binasının, Ağdam Sənaye Parkının təməlqoyma mərasimlərində iştirak edib, Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasiminə qatılıb, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Qiyaslı məscidində, Şahbulaq qalasında olub.
AZƏRTAC Ağdamda Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin yaradılacağını da xəbər verir.
1988-ci ildə Ermənistan Azərbaycanın Yuxarı Qarabağ bölgəsini ələ keçirmək üçün təcavüzə başlayıb. 1991-ci ildə müharibə alovlanıb, 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Yuxarı Qarabağı və onun ətrafındakı bir çox bölgəni işğal edib.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə əldə olunan atəşkəs razılaşması nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Laçın, Xocavənd, Xocalı rayonları və keçmiş Ağdərə rayonu qismən azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.