UEFA Avropa Liqasının 2020-2021 mövsümünə yekun vurulub. Novator.az-ın məlumatına görə, Polşanın Qdansk şəhərində keçirilən 26 may finalında İspaniyanın “Vilyarreal” və İngiltərənin “Mançester Yunayted” komandaları üz-üzə gəlib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə bitib, penalti seriyasında ispanlar üstün olub – 11:10. Bu, 1923-cü ildə yaradılmış “Vilyarreal”ın beynəlxalq turnirlərdə ilk tituludur.
1971-ci ildən keçirilən, 2008-ci ilədək UEFA kuboku adlanmış turnirdə daha 28 klubun zəfəri var: “Sevilya” 6, “Liverpul”, “Yuventus”, “İnter” (İtaliya), “Atletiko” 3, “Tottenhem”, “Feyenoord”, “Borussiya” (Mönhenqladbah), “Höteborq”, “Real” (Madrid), “Parma”, “Portu”, “Çelsi” 2, “Anderlext”, “Ayaks”, PSV, “Ayntraxt” (Frankfurt), “İpsviç”, “Bayer”, “Napoli”, “Bavariya”, “Şalke”, “Qalatasaray”, “Valensiya”, SSKA (Rusiya), “Zenit”, “Şaxtyor” (Ukrayna), “Mançester Yunayted” 1 uğur qazanıb.
“Vilyarreal” Avropa Liqasının 2020-2021 mövsümündə Azərbaycanın “Qarabağ” komandası ilə eyni qrupda oynayıb. Komanda İsrailin “Makkabi” (Tel-Əviv) və Türkiyənin “Sivasspor” klublarının da yer aldığı qrupu lider kimi tamamlayıb, növbəti raundlarda “Zalsburq”u (Avstriya), Ukrayna və Xorvatiya “Dinamo”larını, “Arsenal”ı (İngiltərə) mübarizədən kənarlaşdırıb.