Ermənistan xarici işlər nazirinin səlahiyyətlərini icra edən Ara Ayvazyan mayın 27-də istefa verib. O, Xarici İşlər Nazirliyinin başında 2020-ci il noyabrın 18-dən durub.
Novator.az bildirir ki, Ara Ayvazyan 1969-cu ildə paytaxt Yerevanda doğulub. Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Livanın paytaxtı Beyrutdakı Aykazyan Universitetinin politologiya fakültəsini bitirib.
1994-cü ildən Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələr tutan Ara Ayvazyan ölkəsinin Argentina, Çili və Uruqvayda; Danimarka, Norveç, İsveç və Finlandiyada; Litva, Latviya və Estoniyada; Meksika, Kuba, Kosta Rika, Honduras və Qvatemalada səfiri olub.
2020-ci il oktyabrın 16-dan xarici işlər nazirinin müavini postunu tutub.
Ermənistan parlament seçkisi mərhələsindədir. Aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti istefaya gedib, mayın 10-da qanunverici orqan buraxılıb, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin edilib. Hökumət iş başındadır, Nikol Paşinyan baş nazir səlahiyyətlərinin icraçısı sayılır.
Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavini, Vaqarşak Arutyunyan müdafiə naziri, Rustam Badasyan ədliyyə naziri, Andranik Piloyan fövqəladə hallar naziri, Vaan Kerobyan iqtisadiyyat naziri, Atom Cancuqazyan maliyyə naziri, Ayk Çobanyan yüksək texnologiyalar sənayesi naziri, Suren Papikyan ərazi idarəçiliyi və infrastruktur naziri, Anait Avanesyan səhiyyə naziri, Vaqram Dumanyan elm, təhsil, mədəniyyət və idman naziri, Romanos Petrosyan ətraf mühit naziri səlahiyyətlərini icra edirlər.
Əmək və sosial məsələlər naziri postu boşdur.
1975-ci il təvəllüdlü Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə blok yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki qərarı bu fonda verilib.