“Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi Milli Məclisin 27 may iclasında ikinci oxunuşda qəbul edilib. Üçüncü – son oxunuş mayın 31-nə təyin olunub.
Novator.az bildirir ki, qanun layihəsinə əsasən, Azərbaycanın mədəniyyət paytaxtının inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır.
Şuşa Şəhəri Dövlət Qoruğunu müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) idarə edir.
Qoruğun ərazisi Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələridir, şəhərin inzibati sərhədlərinə bitişik yerləşən və onunla bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədləri müəyyən edilir.
Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır.
Dünya əhəmiyyətli abidələr istisna olmaqla dövlət mülkiyyətində olan digər abidələr və ya onların hissələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı, xüsusi mülkiyyətdə olan abidələr və ya onların hissələri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra icarəyə (istifadəyə) verilə bilər.
Şuşa şəhərinin ərazisində dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında mümkündür.
Xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlətin onları almaqda üstün hüququ var.
Şuşa şəhəri ərazisində ekoloji təmiz enerji təchizatına, resursların davamlı istifadəsinə, emal və təkrar emal sahələrinin inkişafına, atmosfer və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli istifadəyə, həmçinin bu sahədə bütün proseslərin informasiya sistemləri vasitəsilə idarə edilməsinə üstünlük verilir.
Şəhərin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağandır.
Şəhərin ərazisində siyahısı rəsmən müəyyən edilmiş abidələrin üzərində və onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi, həmçinin şəhərin ərazisində onun tarixi-mədəni irsinə, mədəniyyətinə və şöhrətinə xələl gətirə bilən reklam yerləşdirilməsi qadağandır.
Şuşa şəhərinin ərazisində ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilir və onlardan istifadə təşviq edilir. Şəhərin ərazisindəki yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edə və ya bu cür istifadə qadağan edilə bilər.
Şuşa şəhərinin ərazisində dövlət mənzil fondunu müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan (qurum) idarə edir.
Şuşa Şəhəri Dövlət Qoruğunun qorunması, bərpası, yenidən qurulması, öyrənilməsi və inkişafı sahəsində işlərə dəstək məqsədilə xüsusi fond yaradılır. Fondun vəsaiti fiziki və hüquqi şəxslərin yardımları (ianələri), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri 1992-ci il mayın 8-dən 2020-ci il noyabrın 8-dək erməni işğalı altında olub.
Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir.
Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd, eləcə də Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.
2021-ci il mayın 7-də sərəncam imzalayan prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.