“Turan” hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyevin düşdüyü avtomobil qəzası ilə bağlı yeni məlumat yayıb. Mayın 26-da Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla yayılan məlumatda bildirilir ki, qəza mayın 25-i axşam saat 18 radələrində baş verib: “Təbriz Gülalıyevin sürdüyü “Mersedes” Bakının Zabrat qəsəbəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə gedən, Aynur Əhmədovanın idarə etdiyi “Kia” markalı avtomobillə toqquşub. Hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Həkimlər Aynur Əhmədovanın vəziyyətini ağır, Təbriz Gülalıyevin vəziyyətini orta ağır sayır”.
Qəza hadisəsini Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsi araşdırır.
“Turan”ın 25 may məlumatında Təbriz Gülalıyevin kəllə-beyin xəsarəti aldığı, burnunun sındığı, diz nahiyəsinin zədələndiyi bildirilmişdi. Onun müalicə olunduğu Bakı Sağlamlıq Mərkəzindən Report.az-a verilən məlumata görə, xəstəyə müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, sol tərəfli almacıq sümüyünün və burun sümüklərinin çoxsaylı yerdəyişmiş sınıqları, burun kürəyinin əzilmiş, sol qaş nahiyəsinin sıyrılmış yaraları, sol tərəfli paraorbital hematoma, sağ diz qapağının yerdəyişmiş sınığı diaqnozu qoyulub.
Oqtay Gülalıyev müxalif mövqeyi ilə tanınıb. O, son illər dəfələrlə bəyan edib ki, hüquq müdafiəsi sahəsində fəaliyyətinə görə hədələnir, təqibə məruz qalır.
Hüquq müdafiəçisi 2019-cu il oktyabrın 29-u Bakıda piyada keçidi ilə yolu keçərkən Kənan Abdullayevin idarə etdiyi minik avtomobili ilə vurulub, ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşüb. Həmin il noyabrın 6-dan Heydər Əliyev Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunan Oqtay Gülalıyev 2020-ci il noyabrın 8-də Bakıya gətirilib, evdə yatır.
Kənan Abdullayevin taksi sürücüsü olduğu bəyan edilib. Cinayət işi Nəsimi Rayon Polis İdarəsində istintaq olunub. İstintaq zamanı Kənan Abdullayevin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. 2021-ci il yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi onu 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Yol hərəkəti qaydalarının pozulması – ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinən Kənan Abdullayev məntəqə tipli müəssisədə cəza çəkir.