Almaniyanın “Focus” jurnalında “Koronavirus haradan çıxıb? Laboratoriya əməkdaşlarının qəfildən xəstələnməsi yeni suallar doğurur” başlıqlı məqalə dərc olunub.
Novator.az-ın məlumatına görə, məqalədə deyilir ki, koronavirus infeksiyası Çindən yayılmağa başlanandan bəri onun mənşəyi ilə bağlı bir çox fərziyyə dolaşır: “Virusun heyvandan insana keçdiyi barədə iddialar olsa da, onun laboratoriyadan sızması ehtimalı da istisna edilmir. ABŞ-ın “The Wall Street Journal” qəzetində dərc olunan yeni material isə virusun mənşəyi haqda mübahisələri yenidən canlandırır.
Doğrudanmı virus Çindəki laboratoriyadan sızıb?
“The Wall Street Journal”da dərc edilən materialda məhz bu məsələ qaldırılır. Qəzetin materialı ABŞ Dövlət Departamentinin hələlik mediada yayılmamış sənədinə əsaslanır.
Sənədə əsasən, 2019-cu ilin noyabr ayında Çinin Uhan vilayətindəki Virusologiya İnstitutunun laboratoriyasında çalışan üç tədqiqatçı möhkəm xəstələnib. Onların vəziyyəti çox ağır olub və tədqiqatçılar xəstəxanaya yerləşdiriliblər. Laboratoriya əməkdaşlarında müşayiət olunan xəstəliyin simptomları koronavirusun simptomlarına çox oxşar olub”.
“Focus” jurnalı yazır ki, hələ Donald Tramp administrasiyasının son günlərində ABŞ Dövlət Departamenti informasiya bülleteni dərc etmişdi: “Həmin bülletendə vurğulanırdı ki, 2019-cu ilin payızında Uhandakı institutun laboratoriyasında çalışan bir neçə əməkdaş xəstələnib. Onların adi mövsümi qripə yoluxduqları ehtimal olunub. “The Wall Street Journal”ın istinad etdiyi yeni sənəddə isə daha dəqiq informasiya yer alır. Məsələn, laboratoriyanın üç əməkdaşının xəstəxana şəraitində müalicə almağa məcbur qaldığı qeyd olunur.
Yeni sənədlə bağlı fikirlər müxtəlifdir. Anonim mənbədən “The Wall Street Journal”a bildirilib ki, sənəd ABŞ Dövlət Departamenti üçün çox böyük əhəmiyyət kəsb etsə də, hələ ətraflı araşdırmaya ehtiyac var.
ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı və virusun mənşəyinin araşdırılması üzrə qrupun rəhbəri Devid Aşer öz fikrini daha dəqiq ifadə edib. O, deyib: “Mən cəsarət edərək bildirirəm ki, laboratoriyada koronavirus üzərində iş aparan üç əməkdaşın qripdən xəstəxanaya düşəcək dərəcədə xəstələndiyinə şübhə ilə yanaşıram. Çox güman ki, onlar COVİD-19 infeksiyasına yoluxan ilk şəxslər olublar.
Çinin Milli Səhiyyə Komissiyası və Uhan Virusologiya İnstitutu ABŞ Dövlət Departamentinin məruzəsi ilə bağlı “The Wall Street Journal”a heç bir şərh verməyib.
Uhan Virusologia İnstitutunun rəhbəri Yuan Çjimin Çinin “Global Times” dövlət qəzetinə açıqlamasında “The Wall Street Journal”da gedən məlumatı “ağ yalan” adlandırıb”.
“Focus” jurnalı xatırladır ki, bir müddət əvvəl Dünya Səhiyyə Təşkilatının tapşırığı ilə Çində koronavirusun mənşəyini araşdırmağa cəhd edən alimlər məyusedici nəticə ilə geri qayıdıblar: “Onlar bir şey tapa bilməyiblər”.
Jurnal ABŞ-ın “Vaşinqton Post” qəzetinin Çində araşdırma aparan alimlərin yekun hesabatı haqda məqaləsinə də toxunur: “Həmin məqalədə deyilir ki, yoxlamaya gedənlər virusun laboratoriyadan sızma imkanı ilə bağlı ekspertiza aparmayıblar. Ona görə pandemiyanın mənşəyi hələ də məlum deyil. Nəticəyə təsir göstərməyə çalışan Çin dövlətinin aşkar-gizli qüdrəti də çox şeyə kölgə salır”.
“Focus” koronavirus bəlasının haradan gəldiyini öyrənmək üçün siyasi marağa, siyasi iradəyə ehtiyac olduğunu da vurğulayır. Jurnal ABŞ Milli Təhlükəsizlik Şurası təmsilçisinin “The İndependent” nəşrinə açıqlamasını da misal gətirir. Təhlükəsizlik Şurasının təmsilçisi belə deyib: “Bizim Çin Xalq Respublikasına koronavirus böhranının başlanması, COVİD-19 pandemiyasının ilk günləri haqda hələ də ciddi suallarımız var. Dünya koronavirusun haradan qaynaqlandığını bilməlidir. Bu, gələcək böhranların qarşısının alınması baxımından da çox vacib məsələdir”.
Mənbə: Focus.de