Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan hakimiyyətini Belarus prezidenti Aleksandr Lukaşenko ilə münasibətlərə yenidən baxmağa çağırır. Novator.az-ın məlumatına görə, siyasətçi yazır ki, Aleksandr Lukaşenko davranışları ilə yalnız Belarus üçün yox, özü üçün də ciddi problemlər yaratmaqda davam edir. O, Belarus səmasından sərnişin təyyarəsinin endirilməsi, jurnalist Roman Protaseviçin həbs olunması ilə dünya birliyində onsuz da tanınmayan legitimliyini tam itirdi. Hərbi güc tətbiq edilməklə endirilən təyyarənin sərnişinləri arasında həmçinin ABŞ-ın və digər güclü dövlətlərin vətəndaşlarının olması Aleksandr Lukaşenkonun durumunu bir qədər də ağırlaşdırır.
Bu hadisədən sonra Aleksandr Lukaşenko ilə bir dövlət rəhbəri kimi əməkdaşlıq, terrorçu rejimlə əməkdaşlıq kimi qiymətləndiriləcək. Aleksandr Lukaşenkonu birmənalı müdafiə edən və zaman-zaman beynəlxalq izolyasiyadan çıxaran Azərbaycan hakimiyyəti yaranmış vəziyyəti dəyərləndirməli, Avropanın həm sonuncu, həm də sonu çox yaxında olan diktatoru ilə bağlı siyasətini dəyişdirməlidir”.
1954-cü ildə doğulan Aleksandr Lukaşenko 1994-cü ildən Belarus prezidentidir. İlk dəfə 5 il müddətinə seçilən Aleksandr Lukaşenko 1996-cı il referendumu ilə səlahiyyət müddətini 2001-ci ilədək uzadıb. 2001-ci ildə o, ikinci dəfə prezident kürsüsünə yiyələnib. 2004-cü il referendumunda bir nəfərin iki dəfədən çox prezident seçilməsinə məhdudiyyət götürülüb və Aleksandr Lukaşenko 2006, 2010 və 2015-ci illərin seçkilərinə də qatılaraq dövlət başçısı postunu əlində saxlayıb.
2020-ci il avqustun 9-da keçirilən prezident seçkisində Aleksandr Lukaşenko qalib elan edilib. İctimaiyyət seçkinin rəsmi nəticələri ilə barışmır, davamlı etiraz aksiyaları keçirir. ABŞ, Kanada, Böyük Britaniya, Avropa İttifaqı ölkələri, Ukrayna Aleksandr Lukaşenkonu legitim dövlət başçısı saymır.
2016-cı il noyabrın 28-də Aleksandr Lukaşenko Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif edilib. Təltif Belarusla Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərlə əsaslandırılıb.
Bu il mayın 23-də Afina-Vilnüs reysi ilə uçan sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə yerə endirilib, NEXTA teleqram kanalının qurucusu Roman Protaseviç həbs edilib. Belarus prezidenti Aleksandr Lukaşenkoya müxalif mövqeyi ilə tanınan Roman Protaseviçə ağır cinayət ittihamları irəli sürülüb.
Bu hadisə beynəlxalq aləmdə böyük etirazlar doğurub, Belarusa ağır sanksiyalar tətbiq olunması gündəmə gəlib.
1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül şəxslərindən olan Arif Hacılı Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.