Mayın 25-də Milli Məclis “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Novator.az bildirir ki, layihəyə görə, Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğu yaradılır. Qoruğu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) idarə edir, onun ərazisi Şuşa şəhərinin inzibati sərhədləri daxilində yerləşən torpaq sahələrindən ibarət olur. Şəhərin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədləri müəyyən edilir.
Layihəyə əsasən, Şuşa şəhərinin ərazisində abidələrin tarixi-memarlıq və bədii-estetik görkəminin dəyişdirilməsi, abidələrin uçurulması və ya onlar üçün təhlükə yarada biləcək hər hansı fəaliyyətin həyata keçirilməsi qadağandır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vəzifəli şəxslərə, fiziki və hüquqi şəxslərə Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlər verə bilər. Yazılı göstərişə əməl edilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) göstərişdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin edir və çəkilmiş xərclər, habelə dəymiş zərərin əvəzi göstərişi icra etməmiş şəxslərdən tələb olunur.
Dünya əhəmiyyətli abidələr istisna olmaqla dövlət mülkiyyətində olan digər abidələr və ya onların hissələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı, xüsusi mülkiyyətdə olan abidələr və ya onların hissələri isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırıldıqdan sonra icarəyə (istifadəyə) verilə bilər.
Şuşa şəhərinin ərazisində yerləşən abidələri və ya onların ayrı-ayrı hissələrini icarəyə (istifadəyə) götürən fiziki və ya hüquqi şəxslər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər.
Dünya təbii və mədəni irs siyahısına daxil edilmiş, həmçinin milli mədəni və təbii irsə aid dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə yol verilmir. Yerli əhəmiyyətli abidələrin özəlləşdirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı əsasında mümkündür.
Xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir.
Şuşa şəhəri ərazisində ekoloji təmiz enerji təchizatına, resursların davamlı istifadəsinə, emal və təkrar emal sahələrinin inkişafına, atmosfer və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsinə, su və torpaq resurslarından səmərəli istifadəyə, həmçinin bu sahədə bütün proseslərin informasiya sistemləri vasitəsilə idarə edilməsinə üstünlük verilir.
Şəhərin ərazisində onun tarixi, mədəni, elmi, estetik, rekreasiya dəyərlərinə xələl gətirə bilən, abidələrə və ya təbii landşafta, ekoloji mühitə təhlükə yarada bilən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olmaq qadağandır.
Siyahısı rəsmən müəyyən edilən abidələrin üzərində və onların mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağandır.
Şəhərin ərazisində nəqliyyat infrastrukturunun, o cümlədən şəhərin hissələrinə giriş-çıxışın təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.
Ərazidə ekoloji təmiz nəqliyyat vasitələrinə üstünlük verilir və onlardan istifadə təşviq edilir.
Şuşa şəhərinin ərazisində mövcud olan yollarda və ya şəhərin mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həmin yollarda nəqliyyat vasitələrindən istifadəyə məhdudiyyət tətbiq edə və ya bu cür istifadə qadağan edilə bilər.
Əsası 1750-ci ildə qoyulan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı, Qarabağ əyalətinin, Şuşa qəzasının baş şəhəri, Azərbaycanın Dağlıq Qarabağ vilayətində rayon mərkəzi olub.
1992-ci il mayın 8-nə keçən gecə Şuşaya hücum edən erməni birləşmələri mayın 9-da şəhəri ələ keçirib və 28 il 6 ay işğalda saxlayıb.
2020-ci il noyabrın 8-də Azərbaycan hərbçiləri Şuşanı düşməndən təmizləyib.
Şuşa rayonu Şuşa şəhərindən, 1 qəsəbə və 37 kənddən ibarətdir.
Hazırda Şuşanın Daşaltı kəndi də Azərbaycanın nəzarətindədir. 36 kənd, eləcə də Turşsu qəsəbəsi işğalda və bölgədə atəşkəsə məsul olan Rusiya sülhməramlılarının əlindədir.
2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinə Bayram Səfərov başçılıq edir.
2021-ci il yanvarın 27-də Aydın Kərimov prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.
2021-ci il mayın 7-də sərəncam imzalayan prezident İlham Əliyev Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.