Dünyada koronavirus əleyhinə ən məşhur peyvəndlərdən biri ABŞ-ın “Pfizer” şirkəti ilə Almaniyanın “BioNTech” şirkətinin birgə hazırladığı peyvənddir. Bu peyvəndə “Pfizer/BioNTech”, bəzən eləcə “Pfizer” peyvəndi deyirlər.
Novator.az saytının məlumatına görə, “Pfizer” şirkəti 2021-ci ildə təkcə bu peyvəndin satışından 15 milyard dollar gəlir əldə edəcəyini proqnozlaşdırırdı. İndi proqnoz dəyişib. “Pfizer” şirkəti “Pfizer/BioNTech” peyvəndinin satışından il ərzində 26 milyard dollar gəlir götürəcəyini proqnozlaşdırır.
2021-ci ilin ilk rübündə şirkət “Pfizer/BioNTech” peyvəndinin satışından 3,5 milyard dollar qazanıb.
2020-ci ilin ilk rübü ilə müqayisədə 2021-ci ilin ilk üç ayında “Pfizer” şirkətinin xalis gəliri artaraq 3,36 milyard dollardan 4,88 milyard dollara çatıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə şirkətin səhmlər üzrə mənfəəti 0,6 dollardan 0,86 dollara yüksəlib.
Ümumilikdə 2021-ci ilin birinci rübündə “Pfizer”in gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 45% çoxalaraq 14,58 milyard dollar təşkil edib. Şirkət ilin sonunadək bu rəqəmin 70,5-72,5 milyard dollara, səhmlər üzrə mənfəətin isə 3,55-3,65 dollara yüksələcəyini proqnozlaşdırır.
Hazırda ABŞ və Avropa Birliyinə üzv dövlətlər də daxil olmaqla dünyanın 90-dan çox ölkəsində “BioNTech-Pfizer” peyvəndindən istifadə edilir.
“Pfizer”in baş direktoru Albert Burla peyvəndə tələbatın getdikcə artacağını düşünür. O, şirkətin uşaqlar üçün nəzərdə tutulan peyvəndinin də kütləvi istifadəsinə lisenziya veriləcəyinə ümid edir.
Mənbə: Vtimes.io