ABŞ-ın CNN kanalının efirində məşhur jurnalist Kristian Amanpurla Rusiyanın Avropa İttifaqındakı səfiri Vladimir Çijov arasında maraqlı mükalimə olub.
Novator.az-ın məlumatına görə, onlayn bağlantı zamanı Kristian Amanpur Vladimir Çijova deyib: “Rusiyada həbsdə saxlanan müxalifət lideri Aleksey Navalnının taleyi bizi narahat edir. Biz onun həbsinin təfərrüatını və sağlamlığındakı problemləri bilirik. Ancaq prokurorluğun Navalnıya qarşı əlavə ittiham irəli sürəcəyi də ehtimal olunur. Belə ki, prokurorluq Navalnı hərəkatının – onun başçılıq etdiyi Korrpusiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün məhkəmədə iddia qaldırıb. Necə düşünürsünüz, bütün bunlar Rusiyaya kömək edəcəkmi? Belə çıxmırmı ki, Rusiya prezidenti Vladimir Putin Navalnıdan, onun hərəkatından qorxur? Yoxsa Navalnı Putinin əsəblərini çox tarıma çəkib?”
Vladimir Çijovun cavabı belə olub: “Yox. Qəti şəkildə yox. Ümumiyyətlə mən eşidəndə ki, kimlərsə cənab Navalnını müxalifətin ali lideri səviyyəsinə qaldırır, təəccüblənirəm. Axı o, müxalifət lideri deyil. Bu, Rusiyanın həqiqi müxalifətçilərinə təhqir kimi səslənir.
Məhkəmənin nə qərar verəcəyinə gəlincə, onu deyə bilərəm ki, mənim ölkəmdə belə qərarlar qanunun aliliyi prinsiplərinə söykənir. Bilirik ki, digər dövlətlərdə özbaşına həbslər və siyasi motivli məhkəmələr olur. Navalnı ilə bağlı situasiya isə belə deyil, bu, tamam fərqli situasiyadır”.
Kristian Amanpur efirdə səfirlə bu sayaq sağollaşıb: “Bilirsinizmi, dünya həqiqətən də Navalnını Rusiya müxalifətinin aparıcı fiquru, lideri hesab edir. Küçələrə çıxıb ona dəstək nümayiş etdirənlər də Navalnını müxalifət lideri kimi qəbul edirlər, yəni bu o deməkdir ki, onlar da bu fikirdədirlər. Sağ olun!”
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Aleksey 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.
Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Apreln 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb.
Mənbə: CNN.com