Ermənistan mətbuatında hökumət başçısının Azərbaycan və Rusiya prezidentləri ilə birgə imzalamağa hazırlaşdığı bəyannamə layihəsi çap olunub. Sənədə əsasən, Azərbaycan-Ermənistan sərhədinin dəqiqləşdirilməsi üzrə komissiya yaradılacaq. Baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında yeni sənədin imzalanacağı xəbərini təsdiqləyib.
Novator.az-ın məlumatına görə, xəbəri şərh edən AXCP sədri Əli Kərimli yazır: “Bundan əvvəl də Azərbaycanla Ermənistan arasında nə baş veribsə, ilk məlumat Ermənistanda ictimailəşib. Çünki Nikol Paşinyan atdığı addımları, verdiyi qərarları gərək hökuməti ilə, parlamentdəki iqtidar fraksiyası ilə öncədən razılaşdıra. Üstəlik, düşmən ölkədə azad mətbuat var, Konstitusiya Məhkəməsi kimi önəmli qurum hökumət başçısından qətiyyən asılı deyil, əksinə, hökumətdə səhv axtarır.
Düşmən ölkədəki demokratik şərait müxalifətin də cəmiyyətdəki mövqeyini güclü edir. Ermənistanda müxalifət həbs təhlükəsi olmadan şəhərin mərkəzində, o cümlədən parlamentin qarşısında mitinqlər edir. Ona görə də Nikol Paşinyan atacağı addımları, imzalayacağı sənədləri öncədən müzakirə etməli, razılaşdırmalı, ictimai rəyi hazırlamalı olur.
Azərbaycanda isə klassik mənada nə hökumət var, nə parlament. Konstitusiya Məhkəməsi də, digər məhkəmələr də “bəli, baş üstə” prinsipi ilə işləyir. Azad mətbuat susdurulub, real müxalifət bütün fəaliyyət imkanlarından məhrum edilib. Ölkədə ictimai rəy saya salınmır.
Avtoritarizm təkcə konkret insanı konkret hüquqlardan məhrum etmir. Həm də ölkənin milli maraqlarını təhlükəyə atır, dövlətin inkişaf etməsinə, millətin xoşbəxt olmasına imkan vermir. Biz gərək İkinci Dünya müharibəsində darmadağın edilmiş Almaniya və Yaponiyanın demokratiya sayəsində sonradan necə inkişaf etdiyini, qalib Sovet İttifaqının isə totalitar idarəçiliklə xalqını necə bədbəxt etdiyini, inkişaf və tərəqqidən saxladığını, sonra da dövlət olaraq necə iflas etdiyini hər gün xatırlayaq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
10 noyabr 2020-ci il razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. 2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir. Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır.