Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələri keçirilib. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev video formatlı tədbirdə çıxış edib. O, Qarabağ məsələsinə toxunub: “Regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur. “Regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.
Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara həm tarixi nöqteyi-nəzərdən, həm beynəlxalq hüquq baxımından məxsus deyildi.
Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz sözün əsl mənasında Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və onlar 10 noyabr 2020-ci il bəyanatında da əks olunub. Bu, xüsusən də kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var. Xüsusən də Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə yəqin təsəvvür edə bilərsiniz hansı hissləri keçirir. Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
10 noyabr 2020-ci il razılaşması bölgədəki bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını da nəzərdə tutub. 2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb.