Avropa İnsan Hüquqları Məhkəməsi mayın 20-də Azərbaycanla bağlı yeni qərarlar elan edib. Novator.az hüquqşünas Xalid Ağalıyevə istinadla bildirir ki, qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatından imtina olunmasından 12 şikayət üzrə birgə qərarda iddiaçıların birləşmək azadlığı hüququnun pozuntusu tanınıb. Qərara əsasən, Azərbaycan dövləti 12 ərizənin hər biri üzrə 4500 avro mənəvi zərər əvəzi, hüquqi xərclərə görə ümumilikdə 6000 avro təzminat ödəməlidir.
Eyni xarakterli daha 13 şikayətlə bağlı qərarda 4 ərizənin hər biri üzrə 540 avro, 2 ərizənin hər biri üzrə 1080 avro, 3 ərizənin hər biri üzrə 1620 avro, 2 ərizənin hər biri üzrə 2430 avro, 1 ərizə üzrə 2160 avro mənəvi zərər əvəzi, 1 ərizə üzrə 4500 avro mənəvi zərər əvəzi, xərc və digər məsrəflərə görə 7360 avro təzminat kəsilib.
Yaşamaq və azadlıq-toxunulmazlıq hüquqlarının pozuntusundan şikayətçi olan bloqçu Aleksandr Lapşinin işi üzrə qərar isə dövlətin 30 min avro təzminat ödəməsini nəzərdə tutur.
Aleksandr Lapşin Rusiya və İsrail vətəndaşıdır.
2016-cı ilin dekabrında Belarusda saxlanan bloqçu bu ölkənin hüquq mühafizə orqanlarının qərarı ilə 2017-ci il fevralın 7-də Azərbaycana göndərilib. Prokurorluq onu Cinayət Məcəlləsinin 281.2-ci və 318.2-ci maddələri ilə ittiham edib. İttihama əsasən, Lapşin 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfər edib, Puerrtto.livejournal.com internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi təbliğ edən çağırışlar yayıb.
Cinayət Məcəlləsinin 281.2-ci maddəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması yönündə açıq çağırışlar etmə, bu cür məzmunlu materialları yayma əməlini təkrar törətməyə görə məsuliyyəti nəzərdə tutur.
Cinayət Məcəlləsinin 318.2-ci maddəsi isə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə məsuliyyəti rəsmiləşdirir.
2017-ci il iyulun 20-də Lapşin 3 il müddətinə azadlıqdan məhrum edilib, sentyabrın 11-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb və İsrailə gedib.
Avropa İnsan Hüquqları Məhkəməsi 1949-cu ildə yaradılan, 47 ölkəni birləşdirən Avropa Şurasının əsas qurumlarından biridir. Hakimləri üzv ölkələrdən seçilən məhkəmə Avropa İnsan Hüquqları Konvensiyana riayət olunmasını həyata keçirir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.