Mayın 19-da prezident İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti olub. Rəsmi məlumata görə, onlar təhlükəsizliyin və sabitliyin təmin edilməsi üzrə praktiki vəzifələrin həllini vurğulamaqla regionda münaqişədən sonrakı vəziyyəti müzakirə edib.
Azərbaycan-Ermənistan sərhədində bu yaxınlarda baş vermiş hadisələrə diqqət yetirilib. Prezidentlərin ümumi fikrinə görə, nizamlama yalnız siyasi-diplomatik metodlarla aparılmalıdır. Vladimir Putin qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini və Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə razılıq əldə edilməsinə yönəlmiş köməklik göstərməyi davam etdirəcək.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda və noyabrın 10-na keçən gecə Azərbaycan, Ermənistan, Rusiyanın birgə bəyanatı ilə rəsmiləşən atəşkəs razılaşması nəticəsində ərazilərin böyük qismi azad edilib.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi atəşkəsə məsul Rusiya Ordusu bölmələrinin əlindədir.
Azad edilmiş sərhəd bölgələrində, o cümlədən Ermənistana bitişik Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonlarında mühafizə sistemi gücləndirilir.
Azərbaycan hərbçiləri mayın 12-də Ermənistanla sərhədin Laçın rayonu istiqamətindəki Qaragöl sahəsini nəzarətə götürüb. Ermənistan bunu öz ərazisinə müdaxilə sayır, kömək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edib. 1992-ci il mayın 15-də yaradılan bu hərbi-siyasi birliyə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.