2021-ci ilin dörd aylıq xarici ticarət statistikası açıqlanıb. Novator.az bildirir ki, Dövlət Gömrük Komitəsinin hesabatına görə, yanvar-aprel aylarında 6,3 milyard dollardan çox ixrac, 3,5 milyard dollardan çox idxal gerçəkləşib.
164 ölkə ilə ticarət əməliyyatı aparıldığı, gömrük orqanlarının büdcəyə 1,3 milyard manatdan çox vəsait ödədiyi vurğulanır.
Rəsmi məlumata əsasən, ixracın 8,4 faizi MDB ölkələrinin, 52 faizi Avropa İttifaqı ölkələrinin, 39,6 faizi başqa ölkələrin payına düşüb.
İdxalda MDB-nin payı 25,3 faiz, Avropa İttifaqının payı 19,4 faiz, başqa ölkələrin payı 55,3 faiz göstərilir.
Yanvar-aprel aylarında əsas tərəfdaş İtaliya olub, bu ölkə ilə ticarət ümumi dövriyyənin 25,3 faizi həcmində rəsmiləşib.
İxracda əsas ölkə İtaliya (ümumi ixracın 37,4 faizi), idxalda Rusiyadır (18,1 faiz).
Hesabata görə, ixracın 89 faizindən çoxu neft-qaz sektoruna daxil olan mallardır.
İdxalda ən böyük pay maşın, mexanizm, elektrik avadanlıqları və onların hissələrinin payına düşür: 25,5 faiz.
Dörd ayda gömrük orqanları 135 cinayət xarakterli fakt, 7595 inzibati xəta qeydə alıb.