Müsavat Partiyasının başqanı Arif Hacılı hakimiyyətdə olduqları ilk günü xatırlayıb. Novator.az-ın məlumatına görə, siyasətçi özünün “Facebook” səhifəsində yazır: “1992-ci il mayın 18-i İsa Qəmbər böyük mübahisə və qalmaqallardan sonra Azərbaycan Ali Sovetinin sədri seçildi, prezident səlahiyyətlərinin icrasına başladı.
Gecə saatlarınadək bir çox mühüm məsələni müzakirə etdik. Hamı getdikdən sonra İsa bəyin hələ komissiya sədri olduğu dövrdəki otağında üçümüz qaldıq: İsa Qəmbər, Pənah Hüseyn və mən.
Uzun müddət bir-birini əvəz edən dəhşətli hadisələr, mövcud hakimiyyətin bacarıqsızlığı, hakimiyyətə qayıtmağa can atan əski kommunistlərin yaratdığı təxribatlar, Qarabağda yaranmış ağır vəziyyət ucbatından fasiləsiz fəaliyyətə məcbur olduğumuz üçün çox yorğun idik.
Xeyli müddətdir yatmamışdıq. Həmin günlərdə qardaşım Mustafa Şuşa uğrunda döyüşlərdə ağır yaralanmış, mən son bir neçə gündə Şuşa-Laçın istiqamətində ağır döyüş bölgəsində olmuşdum. Yolüstü Zəngilan komendantının əmri əsasında qısa müddətdə həbs də edilmişdim.
Üstəlik, bir neçə gün əvvəl Azərbaycanın kommunist rəhbərliyinin rus generalları ilə birlikdə mənim və Tofiq Qasımovun elə küçədə güllələnməyimiz və bu bəhanə ilə də ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı müzakirələri barədə dəqiq məlumatımız vardı.
Hərəkat liderlərinin hər birinin və ailələrinin həyatına təhlükə olduğu üçün ailələrimizi gizlətmişdik. Özümüz müxtəlif ünvanlarda, bir qayda olaraq qohumların və cəbhəçi dostların evlərində, zaman çatmayanda isə elə Xalq Cəbhəsinin qərargahında gecələyirdik.
…18 may günü cari işləri bitirdikdən sonra, təqribən gecə saat 2-3 radələrində harasa getmək, bir qədər dincəlmək qərarına gəldik. İsa bəy onlara getməyimizi təklif etdi.
O zaman prezidentin mühafizə xidmətinin rəhbəri olan Vaqif Axundov əməkdaşları ilə birlikdə iş başında idi. Artıq vəzifələrinin icrasına başlamaq icazəsi almışdı.
İsa bəyin evinin ünvanını izah etməyə ehtiyac olmadı. Bilirdilər.
Hər üçümüz İsa bəyin xidməti maşınına oturduq. Prezident korteji ilə yola düşdük.
Ailələrimizi başqa ünvanlarda gizlətdiyimiz üçün evlərində heç kəs yox idi.
Təbii ki, yeməyə də heç nə yox idi.
Düşündüm ki, buralarda olmalı mühafizəçilərdən çörək, və yemək üçün nəsə almalarını xahiş edim.
İsa bəyin yaşadığı 4-cü mərtəbədə, qapı ağzında heç kəs yox idi. Aşağı düşdüm. Orada da heç kəs yox idi. Ətraf küçədə də mühafizəçilərə rast gəlməyib geri qayıtdım.
İsa bəyin hazırladığı çayı içməklə kifayətlənməli olduq.
Hakimiyyətdə olduğumuz ilk günümüz belə yekunlaşdı.
Digər günlərimiz də 15-20 saatlıq iş günləri, yorğunluq, yuxusuzluq baxımından ilk günümüzdən çox da fərqlənmədi”.
Arayış:
1992-ci il martın 6-da prezident Ayaz Mütəllibov 1989-cu ildə yaradılmış, parlamentdə fraksiya ilə təmsil olunan Azərbaycan Xalq Cəbhəsinin (AXC) və başqa müxalif qüvvələrin təkidi ilə istefa verir. Prezident səlahiyyətləri parlament sədri Yaqub Məmmədova keçir, iyunun 7-nə prezident seçkisi təyin edilir, dövlət başçısı postuna AXC sədri Əbülfəz Elçibəyin də namizədliyi qeydə alınır.
Mayın 8-9-da Şuşa şəhəri işğal olunur. Ölkədə vəziyyət gərginləşir, sabiq prezident Ayaz Mütəllibovun tərəfdarları parlamentin binası qarşısında oturaq aksiyalar keçirib onun hakimiyyətə qayıtması tələbini qoyurlar.
Mayın 14-də parlamentin qərarı ilə Ayaz Mütəllibov prezident kürsüsünə qaytarılır, 7 iyun seçkisi ləğv edilir.
Mayın 15-də AXC-nin başçılıq etdiyi kütləvi etirazlarla Ayaz Mütəllibov yenə hakimiyyətdən uzaqlaşdırılır, prezident seçkisi bərpa olunur, hakimiyyətin müxalifətə ötürülməsi prosesi başlayır.
Mayın 17-də Laçın şəhəri işğal olunur, rayonun çox hissəsi ermənilərin əlinə keçir.
Mayın 18-də AXC liderlərindən olan deputat İsa Qəmbər parlament sədri seçilərək prezident səlahiyyətlərini icra edir.
İyunun 7-də Əbülfəz Elçibəy prezident seçilir, iyunun 17-də səlahiyyətlərinin icrasına başlayır.
AXC hakimiyyətinin ilk aylarında işğaldakı torpaqların bir hissəsi, o cümlədən Yuxarı Qarabağın şimal bölgəsi və Laçın rayonunun xeyli kəndi azad edilir.
1993-cü ilin fevral ayında Yuxarı Qarabağın şimal bölgəsindəki ərazilərin bir hissəsi itirilir, martın sonundan təcavüz artır, aprelin 2-də Kəlbəcər rayonu işğal edilir.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırır. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qiyam siyasi hakimiyyətin dəyişməsi ilə nəticələnir.
Arif Hacılı 1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinə sədrlik edib. Əbülfəz Elçibəyin prezidentliyi dövründə ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri postunu tutub.
1992-ci ildən Müsavatın katibi, 2001-ci ildən başqan müavini olub. 2003-2005 və 2011-2012-ci illərdə həbsdə yatıb. 2014 və 2019-cu illərdə Müsavat başqanı seçilib.