Mayın 15-i Ermənistanda yeni seçki bloku yaradılıb. Sabiq prezident Serj Sərkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyasının və Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyanın Vətən Partiyasının daxil olduğu blok iyunun 20-nə təyin edilmiş növbədənkənar parlament seçkisinə qatılacaq.
Serj Sərkisyan özü deputatlığa namizəd olmayacağını bəyan edib.
Novator.az bildirir ki, Serj Sərkisyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulub. Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən olanbiridir. 1989-cu ildən Dağlıq Qarabağ separatçılarının komandanı, 1993-cü ildən Ermənistanın müdafiə naziri olub.
1995-2008-ci illərdə Serj Sərkisyan Dövlət Təhlükəsizliyi İdarəsinin rəisi (sonradan milli təhlükəsizlik naziri), daxili işlər və milli təhlükəsizlik naziri (sonradan yenə milli təhlükəsizlik naziri), Prezident Aparatının rəhbəri, Milli Təhlükəsizlik Şurasının katibi (eyni zamanda müdafiə naziri), baş nazir kürsülərini tutub. 2008 və 2013-cü illərdə prezident seçilib.
Serj Sərkisyan 2018-ci il aprelin 9-dək prezident postunu tutub, aprelin 17-si parlamentdə baş nazir seçilib və prezident sərəncamı ilə bu posta təsdiqlənib, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verməyə məcbur olub.
Artur Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini 2018-ci il mayın 10-dan 2019-cu il sentyabrın 16-dək tutub.
Aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti növbədənkənar parlament seçkisi naminə istefaya gedib.
Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir, hökumət səlahiyyətlərinin icrasını davam etdirir.
Mayın 3-də və 10-da parlamentdə keçirilən iki formal baş nazir seçkisi nəticə verməyib, iyunun 20-nə növbədənkənar parlament seçkisi təyin olunub. İndiki parlament buraxılmış sayılsa da, fəaliyyəti dayanmır.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə blok yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki niyyəti bu fonda yaranıb.
20 iyun seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.