Lavrovla görüş
- 11 May 2021
- comments
- hikmet
- Posted in Dünyanın səsiManşetXəbər
Prezident İlham Əliyev mayın 10-u Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. AZƏRTAC xəbər verir ki, İlham Əliyev iki ölkənin daimi dialoqda olduğunu vurğulayıb: “Biz həm ikitərəfli gündəlik çərçivəsində, həm də bizim regionda münaqişədən sonrakı inkişafla bağlı vəziyyət çərçivəsində çox fəal qarşılıqlı əlaqə saxlayırıq. Biz müsbət inkişafı, təhlükəsizliyin, sabitliyin möhkəmlənməsini, hərbi əməliyyatların yenidən başlanması risklərinin minimallaşdırılmasını və tariximizin bu qara səhifəsini çevirmək istəyini müşahidə edirik. Azərbaycan buna hazırdır. Yüksək səviyyədə dəfələrlə səslənmiş bəyanatlar kommunikasiya layihələrinin inkişafı məsələsində bizim mövqeyimizə dəlalət edir. Bu barədə noyabrda müharibənin yekunları üzrə bəyanatda da deyilib və bu istiqamətdə çox fəal iş aparılır. İki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin baş nazirlərinin müavinlərinin üçtərəfli görüşü keçirilib. Həmin görüşdə birgə bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq.
Azərbaycan humanitar problemlərlə bağlı məsələlərdə xoş məram nümayiş etdirir. Hərbi əməliyyatlar başa çatandan sonra biz müharibənin yekunlarına əsasən bizdə olan bütün hərbi əsirləri vermişik. Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun meyitlərini erməni tərəfə təhvil vermişik. Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin meyitini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub. Biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bu gün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. Bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür. Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi. Biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin.
Ermənistanda baş verən hadisələrlə, məhz artmaqda olan Azərbaycanofobiya meyilləri ilə əlaqədar öz mövqeyimi bildirmək istərdim. Mənim fikrimcə, bu meyillər Ermənistanda hakimiyyəti və müxalifəti birləşdirən yeganə amildir. Anti-Azərbaycan isteriyası artıq bütün hədləri keçir, özü də tamamilə əsassız olaraq. Mənim misal gətirdiyim, regionda baş vermiş bəzi faktlar bizim niyyətimizə, səhifəni çevirmək niyyətimizə dəlalət edir, hərçənd sırf emosional və psixoloji baxımdan bunu etmək asan deyil. İşğaldan azad edilmiş ərazilərdə praktiki olaraq hər şey dağıdılıb. Beynəlxalq ekspertlər və jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar. Füzuli şəhərində bircə salamat bina belə yoxdur. Azad edilmiş ərazilərdə olarkən oraların tamamilə dağıdıldığını görmək olar. Azad edilmiş ərazilərdə işğal dövründə evlər, ictimai binalar, dini abidələr, 60-dan çox məscid, qəbiristanlıqlar və sair dağıdılıb. Ona görə də işğalın bizim hətta güman edə bilməyəcəyimiz, – çünki biz həmin ərazilərə gedə bilmirdik, – dağıdıcı nəticələrinə baxmayaraq Azərbaycan sağlam düşüncə və gələcək barədə fikirləşməyin zəruri olduğunu nümayiş etdirir. Ona görə də Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları, revanşizm qoxusu verən bəyanatlar, əlbəttə ki, çox təhlükəlidir və ilk növbədə Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və Azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə – bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir. Təbii ki, biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı baş nazirin müavini Aleksey Overçuk, Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edir.