Mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edən prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. O, Qarabağ məsələsinə də toxunub. Dövlət başçısı jurnalistin “Bəzi ölkələr və xarici dairələr deyirlər ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır” qeydini belə cavablandırıb: “Müharibədən sonra bunu dəfələrlə demişəm ki, Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında. Döyüş meydanında qazanılmış qələbə düşməni məcbur etdi ki, ağ bayraq qaldırsın və təslim olsun, kapitulyasiya aktına imza atsın. Noyabrın 10-da imzalanmış sənəd məhz Ermənistanın kapitulyasiya aktıdır.
Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və bu məsələyə qayıtmaq əbəsdir. Müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış bəyanat qüvvəsini itirib?
Noyabrın 10-da faktiki olaraq – de-fakto münaqişənin həlli ilə bağlı sənəd imzalandı. Bu, təkcə atəşkəs haqqında sənəd deyil, bəziləri bunu belə qələmə vermək istəyirlər. Açsınlar gözlərini baxsınlar, orada neçə maddə var. Atəşkəs haqqında sənəddə bir maddə olur – atəşkəs, vəssalam. Burada bir çox maddə var. Bir çox məsələni əhatə edən maddələr var, o cümlədən kommunikasiyaların açılması. Münaqişə həll olunmayıbsa, hansı kommunikasiyaların açılmasından söhbət gedə bilər? Əgər münaqişə həll olunmayıbsa, nə üçün onda Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri görüşürlər, razılığa gəlirlər?
Münaqişə həll olunub. Bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, – bilmirəm nəyə görə, – ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir. Məsələn, mən Kanadanı misal gətirə bilərəm. Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Otursun öz işləri ilə məşğul olsun.
Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar.
Bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerləri artıq çoxdan erməni diasporu zəbt edib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu olmayacaq. Kim nə deyirsə desin. Ona görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar”.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının, keçmiş Ağdərə rayonunun bir çox məntəqəsi azad olunub.
Noyabrın 10-na keçən gecə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar. Hərbi əməliyyatlar dayandırılıb, Dağlıq Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib. Bu kontingentin bölgədə qalma müddətinin 5 il olduğu açıqlanıb.
Dekabrın 1-dək Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycana qaytarılıb.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.
2021-ci il yanvarın 11-də İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putinin Moskvada imzaladıqları birgə bəyanatla regionda bütün iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpasını reallaşdırmaq məqsədilə üç ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. Azərbaycanı baş nazirin müavini Şahin Mustafayev, Rusiyanı baş nazirin müavini Aleksey Overçuk, Ermənistanı baş nazirin müavini Mger Qriqoryan təmsil edir.