Prezident İlham Əliyev mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfər edib. AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərinin hava limanında dövlət başçısını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov qarşılayıb.
İlham Əliyev hava limanının yeni uçuş-enmə zolağının təqdimatına, Əlahiddə Ümumqoşun Ordusunun hərbi aerodromunun açılışına qatılıb, Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının, Naxçıvan Qarnizonunun Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin açılışlarında iştirak edib.
Prezidentin iştirakı ilə həmçinin Culfa-Ordubad magistral avtomobil yolu açılıb.
Sonra dövlət başçısı Ordubad Su Elektrik Stansiyasının tikintisi ilə tanış olub, rayon mərkəzinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin açılışında iştirak edib, Ordubad dəmir yolu stansiyasına baş çəkib.
İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Televiziyasına müsahibə verib.