“Bu gün Heydər Əliyevin ad günüdür və onunla, Türkiyənin hazırkı prezidenti Rəcəb Teyyub Ərdoğanla və hazırda vəkili olduğum Eldar Həsənovla bağlı bir maraqlı hadisəni bölüşmək istəyirəm”. Mayın 10-da vəkil Cavad Cavadov sosial şəbəkədə belə yazır.
Novator.az-ın məlumatına görə, vəkil bildirir: “Rəcəb Teyyub Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olduğu vaxt söylədiyi bir şeirə görə 10 ay həbs cəzasına məhkum olunur və 1999-cu ilin mart ayının 26-da onu cəzasını çəkmək üçün Kırklareli vilayətindəki Pınarhisar Cəza Evinə salırlar.
Həmin vaxt Azərbaycanın baş prokuroru olan Eldar Həsənovun Türkiyəyə rəsmi səfəri olur və prezident Heydər Əliyev ona tapşırır ki, getsin Ərdoğanla görüşsün, ona salamını və bir sözünü çatdırsın.
Eldar Həsənov gəlir Türkiyəyə, bir neçə gün rəsmi görüşlərini keçirir, səfərin rəsmi hissəsi bitəndən sonra yollanır Pınarhisar Cəza Evinə.
Burada gəlişinin səbəbini söyləyir və pasportunu təqdim edir (pasport, təbii ki, diplomatik pasport olur). “Ərdoğanın nəyisiniz?” soruşurlar, Eldar Həsənov deyir tanışıyam. Cəza evində onun Azərbaycanın baş prokuroru olduğunu öyrənirlər və bundan sonra maraqlı səhnə yaranır, aləm dəyir bir-birinə.
Xeyli müddət gözlədəndən sonra Eldar Həsənova bildirirlər ki, bağışlayın, bizimlə getməlisiniz. Onu birbaşa hava limanına aparıb, oradan Bakıya yola salırlar.
Mən anlayıram. Təsəvvür edin ki, Türkiyənin baş prokuroru Azərbaycana gələndə gedir hansısa cəzaçəkmə müəssisəsinə və sakitcə istəyir həbsdə olan müxalifət lideri ilə görüşsün. Reaksiyanın necə olacağını proqnozlaşdırmaq o qədər də çətin deyil”.
Mərhum Heydər Əliyev Eldar Həsənovdan Rəcəb Teyyub Ərdoğana salamdan başqa hansı sözü çatdırmasını istəmişdi? Vəkil Cavad Cavadov yazır: “Mən bunu Eldar müəllimdən nə qədər soruşsam da dedi ki, onu deyə bilmərəm. Bu söhbəti də mənə ona görə danışdı ki, eşitmişdim və doğru olub-olmadığı ilə maraqlanırdım”.
Cavad Cavadov onu da qeyd edib ki, bu məlumat artıq Türkiyə mətbuatında da dərc edilib.
Heydər Əliyev 1923-cü ilin may ayının 10-da Naxçıvan şəhərində doğulub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikaya rəhbərlik edib. 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilib, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb. 1987-ci ildə vəzifədən gedib.
1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-ci ildə Kommunist Partiyasını tərk edib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də vəfat edib.
Rəcəb Teyyub Ərdoğan 1994-1998-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olub. Bu vəzifəni söylədiyi şeirə görə cinayət məsuliyyətinə cəlb olunandan sonra tərk edib. O, 10 aylıq həbs cəzasının 4 ayını 1999-cu ilin mart-iyul aylarında həbsxanada çəkib.
Rəcəb Teyyub Ərdoğan 2003-cü ilin mart ayından 2014-cü ilin avqust ayının 28-dək Türkiyənin baş naziri olub. 2014-cü il avqustun 28-dən Türkiyənin prezidentidir.
Eldar Həsənov Azərbaycanın baş prokuroru vəzifəsində 1995-2000-ci illərdə çalışıb. 2001-ci ildən diplomatik fəaliyyətə keçib. 2020-ci il avqustun 13-də Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri vəzifəsində çalışdığı vaxt şübhəli şəxs qismində tutulub. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb. Cinayət işinin istintaqını Baş Prokurorluğun İstintaq İdarəsi aparır.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.