Ermənistanın sabiq prezidenti Robert Köçəryan baş nazirliyə namizəd olur. Novator.az-ın məlumatına görə, mayın 9-da o, Daşnaksütun Partiyası və Dirçələn Ermənistan Partiyası ilə birgə Ayastan bloku yaradıb. Blok bu il iyunun 20-də keçirilməsi gözlənən növbədənkənar parlament seçkisinə qatılacaq və qalib gələcəyi halda baş nazir postuna Robert Köçəryan namizəd göstəriləcək.
Ayastan blokunun yaradılması barədə bəyannaməni paytaxt Yerevanda Robert Köçəryan, Daşnaksütun Partiyasından İşxan Saqatelyan və Dirçələn Ermənistan Partiyasının lideri Vaqe Akopyan (Sünik vilayətinin sabiq qubernatoru) imzalayıb.
1954-cü il təvəllüdlü Robert Köçəryan Azərbaycana qarşı işğalçı müharibənin rəhbərlərindən biridir. 1992-ci ildən Dağlıq Qarabağdakı separatçı rejimə başçılıq edib, 1997-ci ildən Ermənistanda baş nazir, 1998-ci ildən prezident postlarını tutub. Rusiyanın “Sistema” investisiya şirkətinin Direktorlar Şurasının üzvüdür.
Ermənistan növbədənkənar parlament seçkisinə siyasi qüvvələr arasında razılaşma əsasında gedir. İlk addım kimi aprelin 25-də baş nazir Nikol Paşinyan və hökuməti istefaya verib.
Ölkə konstitusiyasına əsasən, baş nazir istefa verdikdən sonra parlament iki həftə ərzində hökumətin yeni başçısını seçməlidir. Əks halda qanunverici orqan buraxılır, növbədənkənar parlament seçkisinə gedilir, hökumət səlahiyyətlərinin icrasını davam etdirir.
Mayın 3-ü Ermənistan parlamentində formal baş nazir seçkisi keçirilib. Parlament çoxluğu indiki hökumət başçısı Nikol Paşinyanı namizəd göstərib, amma səsverməyə qatılan deputatların böyük əksəriyyəti bitərəf qalıb.
İkinci formal seçki mayın 10-na təyin olunub.
Parlament seçkisinin iyunun 20-də keçiriləcəyi bəyan edilib.
Hazırda Nikol Paşinyan, onun müavinləri, nazirlər və başqa hökumət üzvləri səlahiyyətlərin icraçısı sayılır.
1975-ci il təvəllüdlü Nikol Paşinyan 2012-ci ilin parlament seçkisinə Erməni Milli Konqresindən qatılaraq deputat mandatı alıb.
Əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının lideridir. 2017-ci ilin parlament seçkisində Vətəndaş Sazişi Partiyası daha iki partiya ilə birgə blok yaradıb. Blok parlamentə 9 mandat qazanıb.
2018-ci il martın 31-dən Nikol Paşinyan Ermənistanda prezident Serj Sərkisyanın baş nazir olmaq niyyətinə qarşı xalq hərəkatına başçılıq edib. Aprelin 9-da Serj Sərkisyanın prezident səlahiyyətləri başa çatıb. Həmin gün ölkə parlament idarə üsuluna keçdiyi üçün icra hakimiyyətinə rəhbərlik baş nazirə ötürülüb. Aprelin 17-də Serj Sərkisyan baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına tab gətirməyərək istefa verib.
Mayın 8-dən baş nazir postuna Nikol Paşinyan keçib. Həmin il oktyabrın 16-da Nikol Paşinyan istefa verib (ancaq səlahiyyətlərinin icrasını davam etdirib), ardınca parlament buraxılıb. Dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində qələbədən sonra, 2019-cu il yanvarın 14-də Nikol Paşinyan yenidən baş nazir postuna təyinat alıb.
2020-ci ilin noyabr ayından bir qrup müxalif partiya baş nazirin istefası tələbi irəli sürür. Növbədənkənar seçki niyyəti bu fonda yaranıb. Qanunverici orqanda təmsil olunan müxalif qurumlar – Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları parlamentin buraxılması üzrə razılaşmada baş nazir postuna namizəd irəli sürməmək öhdəliyi götürüblər.
20 iyun seçkisi partiya siyahıları – tam proporsional sistem əsasında təşkil olunmalıdır. Qanunverici orqana düşmək üçün partiyalar azı 5%, bloklar azı 7% səs toplamalıdır.
Parlament seçkisinə Nikol Paşinyanın əsas rəqibi kimi qatılmaq niyyətində olan Robert Köçəryanın üstündə cinayət işi var. Onun dövlət başçısı olduğu vaxt, 2008-ci il fevralın 19-da keçirilmiş prezident seçkisində hakimiyyət baş nazir Serj Sərkisyana ötürülüb. Müxaliflər paytaxt Yerevanda seçkinin rəsmi nəticələrinə davamlı etiraz aksiyaları keçiriblər. Martın 1-də aksiyalar hərbi güclə dağıdılıb, 8 mülki şəxs, 2 polis əməkdaşı həlak olub.
2018-ci ildə Serj Sərkisyan hakimiyyəti çökəndən sonra bu iş üzrə istintaq yenilənib. Xüsusi İstintaq Xidməti Robert Köçəryanı 1 mart 2008-ci il qırğınının istintaqına cəlb edib, 2018-ci il iyulun 26-da ona cinayət işi qaldırıb. Sabiq prezident dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmədə ittiham edilib.
O, xüsusilə külli miqdarda rüşvət almaqda da günahlandırılır. Bu ittiham iş adamı Silva Ambarsumyanın ərizəsi əsasında verilib. Silva Ambarsumyan iddia edir ki, Robert Köçəryan 2008-ci ildə prezident postunu tutarkən bir biznes müqaviləsinə mane olmamaq üçün ondan külli miqdarda rüşvət alıb.
2018-ci il iyulun 27-də Robert Köçəryan 2 ay müddətinə həbs edilib, avqustun 13-də azadlığa buraxılıb. Həmin il dekabrın 7-də Robert Köçəryan yenə tutulub, 2019-cu il mayın 18-də pul girovu ilə azadlığa çıxıb. 2019-cu il iyunun 25-də Robert Köçəryan yenidən həbs edilib, sentyabrın 12-də Yerevanın Şenqavit rayonundakı ümumi məhkəmədə mühakimə prosesi başlayıb. Sabiq prezidentlə birgə general-polkovniklər Seyran Ohanyan, Yuri Xaçaturov və baş nazirin keçmiş müavini Armen Gevorkyan da mühakimə olunub.
Ermənistanın Apellyasiya Məhkəməsi 2020-ci il iyunun 18-də Robert Köçəryanın pul girovu müqabilində azadlığa buraxılması barədə qərar verib. İyunun 19-da sabiq prezident azadlığa buraxılıb.
Şenqavit rayonundakı ümumi məhkəmə bu il aprelin 6-da konstitusiya quruluşunu zorla dəyişdirmə ittihamı ilə cinayət təqibini dayandırıb. Qərar Konstitusiya Məhkəməsinin 26 mart 2021-ci il qərarına əsaslanıb. Həmin qərarla Ermənistan Cinayət Məcəlləsinin dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə görə məsuliyyət müəyyən edən 300.1-ci maddəsi ölkə konstitusiyasına zidd sayılıb.