2017-ci il mayın 8-də Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanat yayaraq bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanlarının Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı təxribat fəaliyyəti planlaşdırdığı barədə məlumat əsasında tədbirlər aparılıb: “Müəyyən olunub ki, bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmənə ötürüblər.
Toplanmış materiallar əsasında 3 may 2017-ci ildə Hərbi Prokurorluqda dövlətə xəyanət və digər faktlar üzrə Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanıb. Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb, məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxs cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib”.
Böyük rezonans doğuran bu iş “Tərtər işi” adı ilə tanınır.
İstintaq-əməliyyat qrupunun üzvü olmuş Hümmət Məmmədovun mayın 6-da yayılan müsahibəsində işin bəzi məqamlarına toxunulub. Hümmət Məmmədov Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin böyük müstəntiqi olub, hazırda Tərtərdə hərbi prokurordur.
O qeyd edir ki, ümumilikdə 109 hərbi qulluqçu düşmənlə məxfi əməkdaşlıqda şübhəli bilinməklə fiziki təsirlərə və qanunsuz sorğuya məruz qalıb: “Müxtəlif bədən xəsarəti alıblar. Lakin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə rəqəmlər həddindən artıq şişirdilərək 1767 göstərilir.
Düşmənlə məxfi əməkdaşlıq etməkdə təqsirləndirilən hərbi qulluqçuları Müdafiə Nazirliyinin ayrı-ayrı hərbi qulluqçularının müəyyən edərək fiziki təzyiqlərə məruz qoyması hadisəsi ilkin günlərdə olub. Hərbi Prokurorluq həmin məsələyə müdaxilə etdikdən sonra bu proseslər tam dayandırılıb. Hadisənin aşkar edilməsinin ilk günlərində fiziki təsirlərə məruz qalmış hərbi qulluqçuların bir neçəsinin həyatını xilas etmək mümkün olmayıb.
Aldıqları xəsarətlər nəticəsində ölmüş 5 nəfər hərbi qulluqçunun, ümumilikdə isə 21 nəfər hərbi qulluqçunun istintaq zamanı dövlətə xəyanət cinayət əməlləri sübuta yetirilmədiyindən barələrində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilib”.
Novator.az-ın məlumatına görə, müsahibəyə və onun ətrafında yayılan şərhlərə münasibət bildirən Müsavat Partiyasının başqanı Arif Hacılı yazır ki, baş verən dəhşətli hadisələri kiçiltməyə cəhd göstərilir: “Prokurorluq etiraf edir ki, azı 109 nəfər işgəncəyə məruz qalıb, bəziləri işgəncələrə tab gətirməyərək dünyasını dəyişib. Həlak olan 5 hərbçinin, işgəncəyə məruz qalanların bir çoxunun əməlində cinayət tərkibi olmadığı sonradan təsdiq edilib. Əslində bu miqyasda olsaydı belə, “Tərtər işi” bütün ölkəni silkələyəcək, böyük və şəffaf istintaqa layıq, bütün günahkarların cinayət məsuliyyətinə cəlb ediləcəyi, hətta bu cinayətdə birbaşa əli olmayan yüksək vəzifəli şəxslərin ən azı səhlənkarlığa, diqqətsizliyə görə istefasına səbəb olacaq hadisədir.
Müsahibədə etiraf olunur ki, ilk mərhələdə istintaqı Hərbi Prokurorluq aparmayıb. Bəs kim aparıb? Hərbi Prokurorluqdan başqa hansı qurumun belə səlahiyyəti var? Belə böyük istintaq işinin qeyri-qanuni yolla aparılmasına kim sərəncam verib? Bu sualların cavabı yoxdur.
Əvəzində “Tərtər işi” barədə yazanlar, bu məsələyə aydınlıq gətirilməsini tələb edənlər vətənə xəyanətdə, 2020-ci ilin 44 günlük müharibəsində qələbəmizə kölgə salmaqda ittiham olunur. Halbuki xəyanətkarları, qələbəmizə kölgə salanları “Tərtər işi”nin “istintaqçıları” arasında axtarmaq lazımdır.
Bəlkə işgəncələr altında həlak olub sonradan günahsızlığı təsdiq edilmiş hərbçilər 44 günlük müharibənin qəhrəmanı olacaqdılar? Bəlkə 44 günlük müharibədə cənub cəbhəsi 100 kilometrdən çox irəlilədiyi halda şimal cəbhəsinin bir qədər irəliləyib dayanmasının səbəbi elə “Tərtər işi” zamanı hərbçilərimizin keçirdiyi sarsıntılarla bağlıdır?
Törədilən cinayətlərə aydınlıq gətirilməsi, cinayətkarların cəzalandırılması, günahsız olanlara bəraət verilməsi tələbi vətənə xəyanət ola bilməz, 44 günlük müharibədəki qələbəmizə kölgə salmaz. Vətənə xəyanət qanunun aliliyini qorumalı olan qurumların qanunları ayaq altına atıb tapdaması, günahlı-günahsız insanlara işgəncə ilə öldürülməsi, sonra da bu cinayətlərə gah birbaşa, gah da dolayısı ilə haqq qazandırılmasıdır”.