Virusun laboratoriyadan sızması yenə gündəmdədir – “Le Figaro”
- 08 May 2021
- comments
- Novator.az
- Posted in AktualDünyanın səsiManşetŞərh
Koronavirusun laboratoriyadan sızması ehtimalı yenə gündəmdədir. Novator.az-ın məlumatına görə, Fransanın “Le Figaro” qəzetində bununla bağlı dərc edilən yazıda xatırladılır ki, pandemiyanın ilk dövrlərindən virusun Çinin Uhan şəhərindəki laboratoriyadan sızması məsələsi təkzib olunub: “Amma indiyədək virusun vəhşi təbiətdən yayıldığı və heyvan mənşəli olduğu barədə ortaya tutarlı sübut da qoyulmayıb”.
Yazıda bildirilir ki, koronavirusun mənşəyini araşdırmaq üçün Çinə göndərilmiş beynəlxalq ekspert qrupunun hesabatından sonra hətta Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus da virusun ehtiyatsızlıq üzündən Uhandakı laboratoriyadan sızması versiyasını birdəfəlik qırağa qoya bilməyəcəyini diqqətə çatdırıb. Baş direktor deyib ki, ekspert qrupu virusun laboratoriyadan sızdığını inandırıcı saymasa da, əlavə araşdırmalara ehtiyac var: “Mən mütəxəssislərin iştirakı ilə əlavə araşdırıcı missiya təşkil etməyə hazıram”.
Məqalədə deyilir ki, narahatlıq doğuran yeni dəlillər toplandıqca virusun təsadüfən laboratoriyadan sızdığı daha inandırıcı görünməyə başlayır: “Hərçənd bu dəlillər hələ qəti mühakimə yürütməyə əsas vermir. Aylardır pərdəarxası elmi mübahisələr davam edir. Bu, Dünya Səhiyyə Təşkilatına ünvanlanan açıq məktublarda da özünü büruzə verir. Beynəlxalq Alimlər Qrupu (fransızların təşəbbüsü ilə yaradılan bu qurumun qeyri-rəsmi adı “Paris qrupu”dur) ilin əvvəlindən təşkilata ünvanladığı məktubda hərtərəfli qərəzsiz araşdırmanın aparılmasına çağırıb və Çin hökumətindən şəffaflığa əməl olunmasını istəyib.
Bugünlərdə mediada yayılan bir açıq məktubda isə cavabsız qalmış suallara aydınlıq gətirilməsi üçün təkliflər irəli sürülüb. Məktubda virusun yayılmasının faktiki bütün mümkün ssenariləri təfərrüatı ilə təsvir olunub və bu ssenarilərin bir-bir araşdırılmasının vacibliyi vurğulanıb.
Açıq məktubun müəlliflərindən olan, internetdəki məlumatlardan istifadə etməklə pandemiya problemlərini araşdıran “Drastic” müstəqil tədqiqat qrupunun üzvü Jil Demanef qeyd edir ki, Çin dövləti Dünya Səhiyyə Təşkilatı qarşısında “süni Çin səddi” çəkib”.
“Le Figaro” yazır ki, hazırda “tüstü bacasını örtən pərdənin nəyi gizlətdiyini” bilmək mümkün deyil: “Bəlkə də gizlədiləsi bir şey yoxdur. Çox güman ki, Çin istəmir dünyada pandemiyanın baiskarı kimi tanınsın. Ancaq şəffaflığın olmaması şübhələri artırır. Şübhə doğuran məqamlardan biri də virusologiya sahəsində dünyanın ən mühüm tədqiqat mərkəzlərindən birinin məhz Uhan şəhərində yerləşməsidir. Uhan Virusologiya İnstitutu yarasalarda koronavirusu araşdırmaqla məşğuldur. Burada dünyaca məşhur alim – doktor Si Cen Linin rəhbərliyi altında tədqiqatçılar yarasalar üzərində təcrübələr aparırlar. Onlar 2013-cü ildə Yünnan vilayətində xarabalığa çevrilmiş bir mis mədənində yarasaların peyin nümunəsində genetik baxımdan Sars-CoV-2 virusuna ən yaxın RaTG13 virusunu aşkar ediblər.
Doktor Si Cen Li RaTG13 virusunun laboratoriyada heç vaxt əkilmədiyini və sınaqdan keçirilmədiyini söyləyir. O, virus nümunəsinin tamamilə məhv edildiyini iddia edir. Ancaq bu iddia açıq məktubun müəlliflərindən olan, Parisin Jak-Mono İnstitutunda çalışan Vircini Kurtyeyə qəribə təsir bağışlayır. Doktor Kurtye deyir: “Adətən həmişə bir qədər material qalmış olur, biz heç vaxt materialın hamısını istifadə etməyə ehtiyac duymuruq”.
Daha bir qəribə məqama diqqət yetirək. Si Cen Li 2020-ci ilin noyabrında “Nature” jurnalına açıqlamasında virus nümunəsinin həqiqətən Yünnan əyalətində yiyəsiz qalmış şaxtadan tapıldığını təsdiqləyib. 2012-ci ildə həmin şaxtada 6 fəhlə atipik pnevmoniyaya yoluxub və onlardan 3-ü ölüb. Bu, çoxlu sual doğurur. Çünki Çin hökuməti o vaxt həmin hadisə barədə Dünya Səhiyyə Təşkilatını məlumatlandırmayıb. Şaxtaçıların xəstəliyinə yarasa virusunun səbəb olub-olmadığı naməlum qalır.
Üstəlik, “Drastic” müstəqil tədqiqat qrupunun üzvü Jil Demanef Uhan Virusologiya İnstitutunun doktorantının şaxtadan nümunə götürdüyü zaman virusa yoluxması ehtimalını da istisna etmədiklərini bildirir: “Biz demirik ki, həqiqətən belə hal baş verib: biz sadəcə bunun baş vermədiyinə dair sübut istəyirik”.
Əslində mütəxəssislər həmin şaxtaya qayıdıb oradan daha çox nümunə götürməliydilər. Ancaq səlahiyyətli nümayəndələr yəqin ki, şaxtaya təkrar girişə imkan verməyiblər. Sonradan o şaxtaya BBC kanalının jurnalistləri giriş əldə etməyə çalışıblar. Amma sınıq maşınlar yolu bağladığı üçün buna nail ola bilməyiblər”.
“Le Figaro” məsələ ilə bağlı daha bir sualın ortaya çıxdığını vurğulayır: “Görəsən Uhan Virusologiya İnstitutunun tədqiqatçıları xarabalığa çevrilmiş mis mədənində aşkarladıqları virusun mutasiya qabiliyyətinə malik olub-olmadığını öyrənmək istəyiblərmi? Əslində, laboratoriyalarda virusları sürətlə mutasiyaya uğratmaq üçün müxtəlif üsullar mövcuddur. Uhan Virusologiya İnstitutunda bu istiqamətdə tədqiqatlar aparıldığı hamıya məlumdur. ABŞ-da belə tədqiqatlar təhlükəli hesab olunur, ona görə də virusların mutasiyaya uğradılması metodlarının tətbiqi 2014-cü ildə dayandırılıb, 2017-ci ildə isə tam qadağan edilib”.
Sars-CoV-2 virusunun geni ilə bağlı məlumat dərc olunandan sonra “Paris qrupu”nun nüfuzlu üzvlərindən biri, virusoloq Etyen Dekroli bu virusun tikanında insanı yoluxdurma qabiliyyətinin olduğunu qeyd edib. Virusda belə xüsusiyyətin olması elmi dairələrdə suallar doğurur. Çünki bu, laborator eksperimentlərin nəticəsinə oxşayır.
Amma Etyen Dekrolinin sözlərinə görə, bu xüsusiyyət təbii yolla, bir virus daxilində bir neçə qohum virusun birləşməsi ilə də formalaşa bilər: “Çinin səlahiyyətli orqanlarının verdiyi məlumata görə, 2019-cu ilin sonu və 2020-ci ilin əvvəllərində ölkədə vəhşi heyvanlardan, mal-qara və quşlardan götürülmüş 80 min nümunənin heç birində Sars-CoV-2 virusuna yaxın xüsusiyyət aşkarlanmayıb. Ancaq bu, virusun mənşəyinin təbii olmaması anlamına gəlməməlidir. Virusun heyvanlar vasitəsilə yayılması fərziyyəsini istisna etmək olmaz. Düzdür, bu, Çini daha az utandıra biləsi bir versiyadır. O biri yandan da bizim əlimizdə ilkin virus nümunəsi yoxdur, buna görə də biz heç bir versiyanı nə tam rədd edə, nə də tam təsdiqləyə bilirik”.
“Le Figaro” yazır ki, Çin hökuməti Uhan Virusologiya İnstitutunun bazasını internetdən sildiyi üçün tədqiqatçıların hansı sınaqlar üzərində işlədiklərini söyləmək çətindir: “Qəribədir ki, həmin saytlar pandemiya vəziyyətində gen bankları məlumatlarının qorunub saxlanması üçün hissə-hissə yaradılmışdı!
Si Cen Linın sözlərinə görə, məlumatlar pandemiya başlanandan sonra, kiberhücumlar səbəbindən sistemdən çıxarılıb. “Drastic” qrupunun üzvləri isə deyirlər ki, yarasa koronavirusu haqda məlumatlara giriş 2019-cu ilin sentyabrında, yəni epidemiya rəsmən bəyan ediləndən 3 ay əvvəl qapanıb”.
Mənbə: Lefigaro.fr