Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, mayın 9-u faşizm üzərində qələbənin 76-cı ildönümüdür: “Qələbə günü münasibətilə müxtəlif tədbirlər keçiriləcək. Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq hərbi hissələrdə, ali hərbi məktəblərdə görüşlər təşkil olunacaq.
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində xidmət göstərən bir qrup hərbçi Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Beyləqan rayonunda İkinci Dünya müharibəsində həlak olmuş şəxslərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaqlar.
Həmçinin müvəqqəti olaraq Azərbaycan ərazisində yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin Xankəndi şəhərində təntənəli sıra düzülüşü planlaşdırılır”.
1939-cu ildə Almaniya və müttəfiqləri İkinci Dünya müharibəsinə başlayıb. 1941-ci ildə Almaniya SSRİ-yə hücum edib, bu müharibə 1945-ci il mayın 9-da SSRİ və müttəfiqlərinin qələbəsi ilə bitib. Həmin müharibədə Azərbaycandan 600 mindən çox adam döyüşüb, onların təxminən yarısı həlak olub.
Mayın 9-u Azərbaycanda rəsmi dövlət bayramı – Faşizm Üzərində Qələbə Günüdür.
Ermənistan 1988-1994-cü illərin təcavüzündə Azərbaycanın bütün cənub-qərbini ələ keçirib, ərazidə özünü müstəqil dövlət sayan Dağlıq Qarabağ rejimi qurulub.
2020-ci il sentyabrın 27-dən Azərbaycanın apardığı hərbi əməliyyatlarda 5 şəhər, bir çox qəsəbə və kənd azad olunub.
Noyabrın 10-na keçən gecə hərbi əməliyyatlar dayandırılıb, Yuxarı Qarabağda təmas xətti və Laçın yolu boyu Rusiyanın sülhməramlı kontingenti yerləşdirilib, dekabrın 1-dək işğalçılar Azərbaycan ərazilərinin bir hissəsindən çıxıblar.
Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.
Laçın şəhəri və rayonun 6 kəndi Rusiya Ordusu bölmələrinin əlindədir.
2021-ci il yanvarın 30-u Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb. Qurum atəşkəsə nəzarət edir.